Qotların əsl davamçıları kimdir?
12-06-2026, 11:14

1431-ci ildə Bazel şəhərində Roma Katolik Kilsəsinin iclası keçirilib. Papa V Martinin çağırdığı bu görüşdə İspaniya və İsveç kilsə nümayəndələri arasında mübahisə düşmüşdü. Hər iki tərəf öz namizədlərinin üstün olduğunu iddia edirdilər. Bu üstünlüyə iddia isə Qot xalqının keçmişi ilə əlaqədar idi.
Alonso de Kartaxena iclasda söz alaraq Kastiliya-Leon kralı II Xuanın (1406-1454) Qotların davamçısı olduğunu, ona görə də digər monarxlardan daha üstün olduğunu iddia etdi: "... mi señor el Rey de Castilla, considerada la sangre de sus antecesores, es muy noble: ca, no solamente desciende de los reyes de los godos e de las casas de Castilla e de León."
İsveç nümayəndəsi Nils Raqvaldsson (1380–1448) isə 12 noyabr tarixində öz ağası Pomeraniyalı Erikin (1396–1434, 1436–39) adından söz alaraq Qotların Skandinaviya yarımadasından Avropaya yayıldığını, buna görə də öz kralı Erikin "Qotların və isveçlilərin kralı" adlandırıldığını qeyd etdi: "Nos ... a serenissimo Gothiae et Suetiae rege missi..." və hətta hər iki dövlətin eyni olduğunu iddia etdi: "de regno Gothorum, quod nunc ... Suetia nuncupatur." Çıxışında o deyirdi ki, onun vətəni qədər qədim, güclü və nəcib bir krallıq yoxdur (ubi nostro regno antiquius, ubi fortius, ubi nobilius unquam ... legitur?); o, hətta Romalılar tərəfindən fəth edilməmişdi və əslində, demək olar ki, bütün Roma imperatorlarından əvvəl xristianlığı qəbul etmişdi.
Yepiskop Alonso isə onu çox sadə bir cavabla susdurdu: Fəthlər etməkdən ötrü yurdunu tərk etmiş, döyüş meydanlarına getmiş qotlar qorxub öz ölkələrində qalanlardan daha çox hörmətə layiqdirlər.
Heç bir Avropa dövləti, heç bir avropalı tarixçi İsveç krallarının qotlara olan iddiasını qəbul etmədi. İsveçli tarixçilər və krallar isə dirəşərək saxta İsveç tarixi yazdılar. Pomeraniyalı Erik əslində III Erik olduğu halda sonra onun adını XIII Erik olaraq dəyişdilər. 1973-cü ilə qədər İsveç kralları özlərini "Tanrının lütfü ilə, İsveçlilərin, Qotların və Vandalların kralı" (Dei Gratia Suecorum, Gothorum et Vandalorum Rex) adlandırırdılar. Müasir kral XVI Karl Qustav isə bu titulu rədd etdi.
Hərdən səhifəmdə gəlib azərbaycanlıların saxta tarixçilik etməyini müdafiə edənlər olur, ona görə yazdım. Hətta İsveç də olsan, saxtakarlığını heç kim qəbul etmir.
Cavid Ağa

