Sadəcə zəngi açmaqla telefondan şəxsi məlumatlar oğurlana bilər? – Mütəxəssis rəyi

26-11-2025, 12:34           
Sadəcə zəngi açmaqla telefondan şəxsi məlumatlar oğurlana bilər? – Mütəxəssis rəyi
Son günlər vətəndaşlar arasında belə iddialar yayılıb ki, “9990”, “7770” kimi nömrələrdən gələn zəngləri açdıqda avtomatik olaraq bank kartlarına və telefonun qalereyasına giriş əldə olunur.

Bəs bu, texniki baxımdan mümkündürmü? Sadəcə zəngi qəbul etməklə telefondan şəxsi məlumatların oğurlanması realdırmı?

Mövzu ilə bağlı İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa Patrul.az-a fikirlərini bölüşüb:

“Mobil şəbəkələrdə həyata keçirilən adi telefon zəngləri yalnız səs kanalı üzərindən işləyir və bu kanal sırf danışıq üçün nəzərdə tutulmuş funksional imkanlara malikdir. Səs kanalı internet bağlantısı yaratmır, məlumat ötürmür və hər hansı formada cihazın əməliyyat sistemi və tətbiqləri ilə birbaşa əlaqə qura bilmir. Telefonların arxitekturası elə qurulub ki, səs kanalı ilə işləyən modul sistem səviyyəsində digər komponentlərdən tam ayrılıb”.

Mütəxəssisin sözlərinə görə, məhz bu səbəbdən sadəcə zəngi qəbul etməklə mobil telefona virus keçməsi, cihazın uzaqdan idarə olunması, qalereya və ya bank məlumatlarına icazəsiz giriş əldə edilməsi mümkün deyil:

“‘Zəng gəldi, cihazım ələ keçirildi’, ‘zəngi açdım, bank kartım boşaldıldı’ kimi iddialar texniki baxımdan əsassızdır. Belə vəziyyətin baş verməsi üçün istifadəçi mütləq əlavə addım atmalıdır – şübhəli linkə keçid etməli, zərərli tətbiq yükləməli və ya şəxsi məlumatlarını qarşı tərəfə təqdim etməlidir. Təkcə telefon zəngi cihazda heç bir zərərli prosesin başlamasına səbəb ola bilməz.

Bəzi iddialarda səs vasitəsilə telefondakı zərərli tətbiqlərin aktivləşdirilməsi ehtimalı qeyd olunur. Lakin əgər cihazda artıq zərərli proqram mövcuddursa, onun işləməsi üçün əlavə səs siqnalına ehtiyac yoxdur – belə tətbiqlər arxa planda müstəqil şəkildə fəaliyyət göstərir. Bu halda təhlükə zəngdə deyil, həmin tətbiqin cihazda hansı şəkildə quraşdırılmasındadır”.

Araz Mustafa istifadəçilərə təhlükəsizlik məqsədilə yalnız rəsmi mənbələrdən (App Store, Google Play və s.) tətbiqlər yükləməyi, tanımadıqları ünvanlardan göndərilən linklərə daxil olmamağı, tətbiq icazələrini diqqətlə nəzərdən keçirməyi və cihazı mütəmadi yeniləməyi tövsiyə edib:

“‘Endirim qazanın’, ‘pul qazan’ kimi şübhəli tətbiqlərdən və xidmətlərdən uzaq durmaq zərərli proqramlardan qorunmanın ən effektiv yollarından biridir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru