Bakalavr natamam təhsil sayılırmı? - Ekspert açıqladı

26-11-2025, 10:44           
Bakalavr natamam təhsil sayılırmı? - Ekspert açıqladı
Son günlər bir çox iş yerləri vakansiya tələblərində magistr dərəcəsinə üstünlük verir və bəzi hallarda bakalavr diplomu kifayət etmir. Bu isə namizədlər arasında “Bakalavr təhsili natamam sayılırmı?” sualını gündəmə gətirir. Bəs Azərbaycanda bakalavr pilləsi natamam təhsil hesab olunurmu?

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bakalavr tam ali təhsildir və “natamam” sayılmır:

“Azərbaycanda bakalavr pilləsi ali təhsil səviyyəsidir və ‘natamam təhsil’ kimi qiymətləndirilməməlidir. Son illər bəzi sahələrdə magistr diplomuna üstünlük verilməsi cəmiyyətdə yanlış təsəvvür yaradıb ki, bakalavr təhsili yetərli deyil. Lakin bu, hüquqi tələb deyil, yalnız müəyyən ixtisaslaşma ehtiyacından irəli gələn əmək bazarı tendensiyasıdır. Magistratura məcburi təhsil deyil. O, yalnız akademik karyera, elmi-tədqiqat fəaliyyəti və ya yüksək səviyyədə ixtisaslaşma tələb edən sahələr üçün zəruridir.”

Ekspertin sözlərinə görə, bir çox sahədə bakalavr təhsili kifayətdir və işə qəbulda əsas meyar real bacarıqlar və təcrübə olmalıdır:

“Bir çox praktiki peşələrdə bakalavr təhsil pilləsi tam şəkildə yetərlidir və gənclər əmək bazarına rahat daxil ola bilirlər. Gənclər təhsil seçimini diplom naminə deyil, karyera hədəflərinə uyğun şəkildə etməlidirlər. İşəgötürənlər isə seçim zamanı yalnız təhsil pilləsinə deyil, real bacarıqlara, təcrübəyə və kompetensiyalara daha çox önəm verməlidirlər.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru