Nestlé, Danone və Lactalis daxil olmaqla 5 şirkətə qarşı istintaq başlanıb

17-02-2026, 12:44           
Nestlé, Danone və Lactalis daxil olmaqla 5 şirkətə qarşı istintaq başlanıb
Fransada Paris Prokurorluğu qida sektorunda fəaliyyət göstərən bir sıra iri şirkətlər barədə istintaq başladıb.

Tribuna.az xəbər verir ki, araşdırma çərçivəsində Nestlé, Danone və Groupe Lactalis daxil olmaqla ümumilikdə beş şirkət “insan sağlamlığı üçün təhlükə yaradan məhsullarla bağlı aldatma” ittihamı ilə yoxlanılır.

Məlumata görə, istintaq bu şirkətlərin həyati risk daşıya biləcək körpə qidalarını bazara çıxarmış ola biləcəyi iddialarına əsaslanır. Prokurorluq həmçinin bəzi körpə ölümləri ilə mümkün əlaqəni də araşdırır. Bildirilir ki, bu hallarda uşaq qidalarında “cereulide” adlı toksinin mövcudluğu ehtimalı var.

İstintaq nəticəsində şirkət rəhbərlərinin təqsiri sübuta yetirilərsə, onlar 7 ilə qədər azadlıqdan məhrumetmə və 3,8 milyon avroya qədər cərimə ilə üzləşə bilərlər.

Digər tərəfdən, Reuters agentliyinin məlumatına görə, Lactalis və Danone bəzi məhsullarında toksin şübhəsi aşkarlandıqdan sonra Babybio və La Marque markalarının istehsalını dayandırıb.

Ürəkbulanma və qusmaya səbəb ola bilən cereulide maddəsinin Nestlé, Danone və Lactalis də daxil olmaqla bir neçə istehsalçının Çində yerləşən təchizatçısından alınmış komponentlərdə aşkarlanması Fransa başda olmaqla onlarla ölkədə ehtiyat tədbiri olaraq məhsulların geri çağırılmasına səbəb olub.

Prokurorluq bildirib ki, ölkə üzrə daxil olan çoxsaylı şikayətlər və araşdırmaların texniki baxımdan mürəkkəbliyi səbəbindən işi birbaşa öz üzərinə götürüb.

İş materiallarına istehlakçı hüquqlarını müdafiə edən Foodwatch təşkilatının müraciəti, həmçinin uşaqları uşaq qidası qəbul etdikdən sonra qusma halları yaşadığını bildirən səkkiz ailənin şikayətləri də daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]