Süni intellekt, yoxsa insan: Enerji səmərəliliyində kim öndədir?
25-02-2026, 12:38

Süni intellektin dünyanı ələ keçirib-keçirməyəcəyi ilə bağlı müzakirələr bir kənara, texnologiya gündəminin əsas mövzusu bu böyük sistemlərin nə qədər resurs sərf etməsidir. "OpenAI"ın baş direktoru Sem Altman Hindistanda qatıldığı sammitdə bununla bağlı diqqətçəkən açıqlamalar verib.
Valyuta.az xəbər verir ki, Altman xüsusilə ChatGPT-nin su və enerji sərfiyyatı ilə bağlı internetdə dolaşan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. O, tənqidlərə cavab olaraq maraqlı müqayisə irəli sürüb: "İnsan beynini yetişdirmək nə qədər enerji tələb edir?"
Altman hər bir süni intellekt sorğusunun litrlərlə su sərf etməsi barədə iddiaları “tamamilə uydurma” və “reallıqdan uzaq” adlandırıb. Onun sözlərinə görə, əvvəllər məlumat mərkəzlərinin soyudulmasında buxarlandırma üsulundan istifadə olunsa da, hazırda sistemlər dəyişib və bu cür rəqəmlərin elmi əsası yoxdur.
Enerji istehlakı ilə bağlı narahatlıqlarda müəyyən həqiqət payı olduğunu qəbul edən Altman vurğulayıb ki, diqqət ayrı-ayrı sorğulara deyil, ümumi istehlaka yönəlməlidir. Onun fikrincə, dünyada süni intellektdən istifadə sürətlə artır və çıxış yolu nüvə enerjisinə, eləcə də külək və günəş kimi bərpa olunan mənbələrə daha sürətli keçiddədir.
İnsan daha səmərəlidir, yoxsa süni intellekt?
Müzakirənin ən diqqətçəkən hissəsi Altmanın insan inkişafı ilə süni intellektin təlim prosesini müqayisə etməsi olub. Bir sorğunun enerji dəyərini Bill Qeytslə söhbətdə səsləndirilən “1,5 "iPhone" batareyası” bənzətməsi ilə qiymətləndirənlərə Altman sərt reaksiya verib.
O, süni intellekt modellərinin öyrədilməsi xərci ilə bir insanın sadə suala cavab verməsi zamanı sərf etdiyi enerjinin müqayisəsini ədalətsiz hesab edir. Altmanın sözlərinə görə, bir insanın “ağıllı” səviyyəyə çatması üçün təxminən 20 il yaşaması, təhsil alması, qidalanması və böyük həcmdə enerji sərf etməsi tələb olunur. Bundan əlavə, bu gün mövcud olan bilik bazasının arxasında yüz milyardlarla insanın minilliklər boyu davam edən təkamülü və elmi kəşfləri dayanır.
Altman hesab edir ki, ədalətli müqayisə üçün təlimini tamamlamış bir süni intellekt modeli ilə yetkin bir insanın konkret suala cavab verərkən sərf etdiyi enerji müqayisə olunmalıdır. Bu baxımdan o iddia edir ki, enerji səmərəliliyi məsələsində süni intellekt artıq insanla eyni səviyyəyə çatmış ola bilər.
Texnologiya şirkətlərinin su və enerji istifadəsi barədə detalları açıqlamaq öhdəliyi olmadığı üçün alimlər bu göstəriciləri kənardan təxmin etməyə çalışırlar. Məlumat mərkəzlərinin elektrik qiymətlərinə və yerli resurslara təsiri isə müzakirələrin uzun müddət davam edəcəyini göstərir.
Altmanın mövqeyi isə aydındır: gələcək süni intellektin məhdudlaşdırılmasında deyil, enerji istehsalının köklü şəkildə transformasiyasında gizlidir.

