Elektrikli avtomobil sahibləri üçün ŞOK qərar: Məhkəməlik olmaq istəmirsinizsə, bunu oxuyun

2-04-2026, 07:24           
Elektrikli avtomobil sahibləri üçün ŞOK qərar:
Çoxmənzilli binalarda elektrikli avtomobillərin ümumi elektrik şəbəkəsindən şarj olunması ilə bağlı mübahisələr son dövrlərdə daha da aktuallaşıb.
Bu barədə Referans Media-ya açıqlama verən Hüquq Dəstəyi – ictimai hüquqi dəstək platformasının rəhbəri, hüquq üzrə mütəxəssis Xəyal Məmmədov bildirib ki, son dövrlər bu məsələ ilə bağlı ona kifayət qədər müraciətlər daxil olur və insanlar əsasən bunu sadə texniki imkan kimi qiymətləndirirlər. Lakin hüquqi baxımdan yanaşdıqda burada bir neçə ciddi məqam mövcuddur.

Onun sözlərinə görə, ilk növbədə nəzərə alınmalıdır ki, çoxmənzilli binanın elektrik sistemi bütün mülkiyyətçilərin ümumi mülkiyyətidir. Bu, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 36-cı maddəsində birbaşa göstərilib. Yəni hər hansı sakin bu sistemdən istifadə edərkən yalnız öz maraqlarını deyil, digər sakinlərin hüquq və mənafelərini də nəzərə almalıdır.

Ekspert qeyd edib ki, müraciətlərdə ən çox rast gəlinən hallar sakinlərin ümumi xətdən avtomobil şarj etməsi ilə bağlıdır. Bu isə nəticədə binada gərginliyin zəifləməsinə, avadanlıqların işləməsində problemlərə səbəb olur. Bəzi hallarda isə ümumi sayğac üzrə ödəniş olan binalarda digər sakinlər faktiki olaraq həmin şəxsin elektrik xərclərini də ödəməli olurlar. Bu kimi hallar artıq hüquqi müstəvidə qiymətləndirilir.

Xəyal Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyət hüququndan istifadə başqasına zərər vurmaqla həyata keçirilə bilməz.

Bununla yanaşı, elektrik enerjisindən istifadə qaydaları da bu məsələdə mühüm rol oynayır. Qaydalara əsasən, elektrik enerjisindən yalnız müqavilə və fərdi sayğac əsasında istifadə olunmalıdır. Yəni ümumi xətdən ayrıca uçot aparılmadan avtomobil şarj etmək hüquqi baxımdan düzgün hesab olunmur və bu, qanunsuz istifadə kimi qiymətləndirilə bilər.

Ekspert əlavə edib ki, belə hallarda məsuliyyət də qaçılmazdır. Əgər digər sakinlərə ziyan dəyibsə, həmin zərərin ödənilməsi tələb oluna bilər. Bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsində nəzərdə tutulub. Bununla yanaşı, qanunsuz elektrik istifadəsinə görə inzibati məsuliyyət də yarana bilər.

Mütəxəssis praktiki tövsiyə olaraq bildirib ki, bu məsələyə qeyri-rəsmi yanaşma ilə deyil, hüquqi və texniki baxımdan düzgün formada yanaşmaq lazımdır. Yəni ayrıca xətt çəkilməsi, fərdi sayğacın quraşdırılması və mümkün olduqda bina sakinlərinin razılığının alınması ən doğru yanaşmadır.

Yekunda Xəyal Məmmədov qeyd edib ki, elektrikli avtomobilin binanın ümumi elektrik şəbəkəsindən şarj olunması yalnız digər sakinlərin hüquqları pozulmadıqda və qanunvericiliyin tələblərinə əməl edildikdə mümkündür. Əks halda, bu hal hüquq pozuntusu və məsuliyyət yaradan vəziyyət kimi qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru