Başqa ölkələrdə qadağan edildi — Azərbaycanda satılanları nə gözləyir?

Bu gün, 15:23           
Başqa ölkələrdə qadağan edildi — Azərbaycanda satılanları nə gözləyir?
Dünyanın bir çox ölkəsində birdəfəlik plastik məhsulların istifadəsinə məhdudiyyətlər və qadağalar tətbiq edilir. Kanada və Hanoy kimi yerlərdə bu qərarlar ekoloji çirklənmənin azaldılması və insan sağlamlığının qorunması məqsədi daşıyır. Plastik çəngəl, qab və digər birdəfəlik vasitələrin uzun müddət təbiətdə qalması ciddi ekoloji problemlər yaradır. Maraqlıdır, Azərbaycanda da bu qadağan tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a bildirib ki, Kanada ilə Azərbaycanın istər iqtisadi, istər ekoloji, istərsə də digər siyasətləri tamamilə fərqlidir:

"Kanada elə bir dövlətdir ki, öz ərazisində meşələri qorumaga çalışır, təbiəti mühafizə edir, lakin bəzi hallarda başqa ölkələrdə, məsələn Türkiyədə böyük ərazilərdə mədən fəaliyyəti aparılması, meşələrin qırılması və təbiətin deqradasiyası ilə bağlı tənqidlər də olur. Yəni ümumilikdə vətəndaşların sağlamlığı və ətraf mühitin qorunması onlar üçün önəmli amillərdən biridir.

Bu səbəbdən də plastik qabların, plastik çəngəl-bıçaqların idxalının məhdudlaşdırılması və ya qadağan edilməsi normal hal kimi qəbul olunur. Vyetnamın Hanoy şəhərində də oxşar addımların atılması artan turist axını ilə əlaqələndirilir. Hər halda, həm turistlərin, həm də yerli əhalinin sağlamlığı ön planda tutulur. Çünki plastik çəngəl-bıçaqların və qabların əksəriyyətinin kimyəvi tərkibi tam məlum deyil və qida təhlükəsizliyi baxımından riskli ola bilər".

Ekoloq deyib ki, Azərbaycanda da bəzi plastik məhsulların istehsalı və satışına dair məhdudiyyətlər mövcuddur.

"Bu, illərdir tətbiq olunan bir siyasətdir və müsbət addım kimi qiymətləndirilir. Lakin bəzi hallarda gigiyena və nəzarət baxımından boşluqların olduğu da qeyd edilir. Ümumilikdə, plastik qabların və çəngəllərin həm istehsalı, həm də istifadəsi ekoloji baxımdan zərərlidir. Bu materiallar təbiətdə uzun müddət parçalanmır, torpağa düşdükdə ekosistemə zərər verir, dənizə qarışdıqda isə dəniz canlılarına mənfi təsir göstərir. Eyni zamanda insan sağlamlığı üçün də risk yaradır. Xüsusilə onların tərkibində olan bəzi maddələrin karsinogen xüsusiyyət daşıması narahatlıq doğurur. Plastik qablar normal şəraitdə bu maddələri yaymasa da, isti yemək, qaynar su və ya isti içkilərlə təmasda olduqda kimyəvi reaksiyalar baş verə bilər və bu da sağlamlıq üçün təhlükə yarada bilər", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru