Gecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama
Bu gün, 12:38

Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər.
Bu barədə ümumi praktika həkimi Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Amir Xan bu vəziyyəti yaradan səbəbləri açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, gecə tərləməsi menopauza və perimenopauza, vərəm və İİV (insanın immunçatışmazlığı virusu) da daxil olmaqla, infeksiyalar, müəyyən xərçəng növləri, əsasən də limfoma, həmçinin obstruktiv yuxu apnesi, qanda şəkər səviyyəsinin pozulması və ya qalxanabənzər vəzi xəstəliyi ilə əlaqəli ola bilər.
"Əgər gecənin bir yarısında bütünlüklə islanmış halda oyanırsınızsa, bu, sadəcə narahatlıq deyil - bu, həyəcan siqnalı ola bilər", - deyə həkim vurğulayıb.
Eyni zamanda Amir Xan qeyd edib ki, xüsusən də isti havada və ya həddindən artıq isti otaqda nadir hallarda olan gecə tərləməsi epizodları adətən təhlükə yaratmır. Lakin əgər simptom müntəzəm olaraq yaranırsa və bu, çəki itkisi, yüksək temperatur, yorğunluq, limfa düyünlərinin şişməsi və ya digər həyəcanverici əlamətlərlə müşayiət olunursa, o zaman dərhal həkimə müraciət etmək lazımdır.

