Ağdam gözəl məkana çevriləcəkdir
15-11-2025, 12:58

44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndən azad etdi. Cənab Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi sayəsində düşməni kapitulyasiya aktına - üçtərəfli bəyanata imzalamağa vadar etdi. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir itki verilmədən, döyüş əməliyyatları aparılmadan Azərbaycana təslim edildi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.
Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan çıxmasını nəzərdə tutan 853 saylı qətnamə də məhz Azərbaycanın şərtləri ilə icra edildi.
Birinci Qarabağ müharibəsi zamanı düşmən Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı hədəf seçdi. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur.Ağdamın müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə minlərlə insan şəhid olmuş, yaralanmışdır.
İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edildi. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edildi. Təsadüfi deyil ki, jurnalistlər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırıblar.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali BaşKomandanı İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. 2021-2023-cü illərdə ölkə başçısının Ağdama daha bir neçə səfəri oldu. Bu səfərlər zamanı 2021-ci ildə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimləri keçirildi, 2021-ci ilmayın 28-də həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi.
2022-ci ildə Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının, daha bir yaşayış məhəlləsinintəməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlətanışlıq oldu, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirildi.
2023-cü il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur.
Təkcə 2025-ci ildə ölkə Başçısı İlham Əliyevin Ağdam rayonuna 5 səfəri bu işlərə xüsusi təkan verib. Bu il rayonda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin birinci mərhələsinin, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş inzibati binanın, klub-icma mərkəzinin, Kəngərli kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışları şeçirilib və Prezident İlham Əliyev bu tədbirlərdə iştirak edib.
Artıq Ağdam şəhəri beş ildir ki, azaddır. İşğaldan azad edildikdən qısa bir müddət sonra burada bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da davam etdirilməkdədir.
Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qonşuluqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Aysel Mənsimova – YAP üzvü

