Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm pol oynayır
21-01-2026, 12:06

Müasir dövrümüzdə dünyada yaranan yeni problemlər də Davos forumunun müzakirə predmetinə çevrilib. Bu Forumun vacib məqamlarından biri ondan ibarətdir ki, burada Azərbaycanın tam iqtisadi və siyasi imkanları nümayiş etdirilir. Əminliklə deyə bilərik ki, Dünya İqtisadi Forumunun bu toplantısında da Azərbaycan qlobal məsələlərin həlli naminə yeni imkanlarını ortaya qoyacaq.
Yanvarın 19-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib. Səfər çərçivəsində cənab Prezident yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, qonşu ölkələrlə münasibətlərə və digər məsələlərə toxunub.
Bu gün enerji bazarlarında neftin qiyməti sabitdir və bu ölkəmiz üçün məqbul səviyyədədir. Bu da öz növbəsində, hazırda İran və Venesuelada baş verən hadisələrin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Ölkə başçısı ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. “Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”- deyə cənab Prezident deyib.
Müsahibədə Avropa ölkələrini bu gün ən çox narahat edən enerji təminatı məsələlərinə də yer ayrılıb. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə ölkəmizin enerji əməkdaşlığı artmaqdadır. Hazırda Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə nəql edilən qaz ixracatının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Ölkəmizin bir çox Avropa ölkəsi ilə yaxşı münasibətləri var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, bazarda ehtiyatlarını satmaq fürsətidir. Bu gün Azərbaycan öz təbii qazını təkcə Avropaya satmır, bu yaxınlardan artıq Suriyaya da qaz ixracına başlanılıb. Ölkə başçısı bu zaman qiymət baxımından Avropa bazarının daha sərfəli olduğunu vurğulayıb.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

