Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığında yeni mərhələ

Bu gün, 09:08           
Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığında yeni mərhələ
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martın 11-də Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra yayılan birgə mətbuat bəyanatı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında yeni mərhələnin formalaşdığını göstərir.
İlk növbədə prezidentlər Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini bir daha vurğulayıblar. Bununla da 2022-ci ilin iyun ayında enerji sahəsində yaradılmış strateji tərəfdaşlığın artıq digər əməkdaşlıq istiqamətlərinə də şamil olunduğu və ikitərəfli münasibətlərin ümumilikdə strateji xarakter daşıdığı ali səviyyədə təsdiqləndiyi ortaya qoyulub. Prezidentlər təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla son dövrlərdə keçirilmiş yüksəksəviyyəli görüşlərin yaratdığı müsbət dinamikanı qeyd edərək siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Digər mühüm məqam birgə bəyanatın 8-ci bəndində əksini tapmış Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycanla bağlı layihələrin dəstəklənməsi ilə bağlı qərardır. Onun sözlərinə görə, Avropa İttifaqı bu təşəbbüs çərçivəsində daşımalar və digər mexanizmlər vasitəsilə Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə sadiqliyini təsdiqləyib. Bu istiqamətdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dəmir yolu şəbəkəsinin müasirləşdirilməsinə dəstək, eləcə də nəqliyyat və logistika layihələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın və sərmayələrin gücləndirilməsi məqsədilə İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılması tərəflər arasında uzunmüddətli və perspektivli əməkdaşlığın formalaşdığını göstərir.
“Global Gateway” təşəbbüsü Avropa İttifaqının qlobal miqyasda təhlükəsiz və dayanıqlı infrastruktur və nəqliyyat bağlantıları qurmaq məqsədi daşıyan əsas strateji proqramlarından biridir. Onun sözlərinə görə, 2021-ci ildə elan edilmiş bu təşəbbüs çərçivəsində 2027-ci ilə qədər 300 milyard avro investisiyanın səfərbər edilməsi nəzərdə tutulurdu. Lakin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən verilən açıqlamalara əsasən, Avropa İttifaqı artıq 2025-ci ilin oktyabr ayına qədər 306 milyard avro investisiyanı səfərbər etməyə nail olub və strategiyanın daha da genişləndirilməsi planlaşdırılır. Bu təşəbbüs təkcə inkişaf proqramı deyil, həm də Avropa İttifaqının geoiqtisadi strategiyasının mühüm alətlərindən biri kimi çıxış edir. Strategiyanın əsas mahiyyəti xarici investisiyaları, inkişaf əməkdaşlığını və iqtisadi diplomatiyanı vahid strateji çərçivədə birləşdirməkdən ibarətdir. 2025-ci ilin aprel ayında Səmərqənd şəhərində keçirilmiş ilk Avropa İttifaqı–Mərkəzi Asiya sammitində region ölkələrinin də “Qlobal Qapı” təşəbbüsünə daxil edilməsi və bu çərçivədə 12 milyard avro həcmində investisiya paketinin elan olunması Avropa İttifaqının regiona artan marağını göstərir. Bu sərmayə paketi nəqliyyat əlaqələrinin inkişafı, kritik xammallar sahəsində əməkdaşlıq, rəqəmsal şəbəkələrin genişləndirilməsi, eləcə də su, enerji və iqlim siyasəti sahələrində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafını şərtləndirən mühüm amillərdən biri də yüksək səviyyəli siyasi dialoqdur. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlər xüsusi əhəmiyyət daşıyır.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]