ABŞ-Çin arasındakı iqtisadi müharibənin "qızıl" dövrü... "Rusiyaya ixrac sanksiyası qızılın qiymətini artırır"
22-10-2025, 11:34

ABŞ-Çin arasındakı iqtisadi müharibənin "qızıl" dövrü... "Rusiyaya ixrac sanksiyası qızılın qiymətini artırır"
Pekin on ildir qızıl ehtiyatlarını artırır və indi ehtiyatların həcmi böyük ehtimalla dünyada altıncı yerə çıxıb. Metalın qiymətindəki kəskin artım bu strategiyaya əlavə güc verir. Çərşənbə günü qızıl ilk dəfə unsiya başına 4000 dolları keçdi (hazırda isə 4200$ keçib). Bu sıçrayışa qismən Donald Trampın daxili və xarici siyasətindəki qeyri-müəyyənlik də təsir edib.
Qızılın rekord bahalaşması Çinin Trampa və dollara meydan oxumağına şərait yaradırmı?
Qızılın bahalaşması ABŞ Çin və Rusiyanın iqtisadi siyasi vəziyyətinə necə təsir edir?
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qızılın bahalaşmasında iki əsas fakt var: “Birincisi odur ki, Rusiyaya qarşı sanksiyalar qoyulub. Bu da Rusiyanın qızıl ixracının qarşısını alır. Rusiya beynəlxalq qızıl bazarını təchiz edən əsas ölkələrdən biri idi. Bu gün Rusiyanın qızıl sata bilməməsi, ixrac edə bilməməsi beynəlxalq bazarda qızıl qıtlığı yaradır və qızılın qiymətinin artmasına səbəb olur. Məsələ budur.
İkinci məsələ isə fərqli ölkələrin mərkəzi banklarının kütləvi şəkildə qızıl almasıdır. Biz Rusiyanın, Çinin, Hindistanın, Türkiyənin mərkəzi banklarının qızıl almalarını görürük və son bir neçə ilin statistikasına baxsaq, bu ölkələrin bəziləri hətta iki dəfədən çox qızıl ehtiyatlarını artırıb. Qızıl ümumi ticarətdən, dövriyyədən çıxarılıb. Mərkəzi bankların qızıl yığması yenə də qızılı daha nadir, daha az əlçatan edir. Bu da onun qiymətinin artmasına səbəb olur”.
Turab Rzayev qeyd edib ki, Donald Tramp da daha çox məhz bu iki fakt üzərindən oynayır, yəni qızıl ixracının Rusiyada qadağan edilməsi və bəzi ölkələrin qızılı yığmağa, toplamağa çalışması qızılı bahalaşdırır.
“Donald Trampın siyasətindəki bəzi qeyri-müəyyənliklər qızılı daha güvənilir, daha etibarlı bir limana çevirir. Faktiki olaraq, ABŞ birjalarında biz vaxtaşırı fərqli dalğalanmaların şahidi oluruq. Ancaq qızıl daha sabit metal olduğu üçün dəyərlənir. Sadəcə son bir neçə ildə qızılın qiyməti 50 faizdən çox artıb və bu da istər istəməz onu daha sağlam limana çevirir. İnsanlar çalışırlar ki, qlobal treyder ilə qızıla yatırım eləsinlər. Qızıla yönəlmə, biznesdən və maliyyə resurslarından ayrı qızıla istiqamətlənmə də qızılın da dəyərlənməsinə səbəb olur. Xarici siyasətlə bağlı, həm daxili siyasətlə bağlı birjalarda qeyri-müəyyənlik olduğu halda, qızılın sabit olması və hətta dayanmadan öz qiymətinin artırması istər-istəməz qızıla yönəlməni sürətləndirir. İndiki halda qızılın qiymətinin artması Trampa dollarla meydan oxumaq şəraiti yaratmayacaq”-deyən politoloq bildirib ki, bu proses dolları zəiflədə bilər.
“Alternativ addımlar ABŞ-a və dollara qarşı mübarizədə istifadə oluna bilər. Çin həddindən çox qızıl ehtiyatı yığır və bu yaxınlarda Şanxay birjasında London birjasına alternativ olaraq qızıl ticarətini həyata keçirə biləcəyini bildirdi. Çin çalışır ki, Şanxayda Londona alternativ yeni bir dünya qızıl yaransın, dünyada qızılı mərkəz alan yeni birja yaransın. Bu halda artıq bu qiymətli metal ticarəti Qərbdən Çinə istiqamətlənə bilər.
Eyni zamanda Çinin özünün və müttəfiqlərini, Rusiyanın və digər ölkələrin kütləvi qızıl alışı və buna paralel olaraq da Çin Qızıl Birjasının mərkəz olmağa çalışması istər-istəməz Qərb ölkələrinin və Qərb hakimiyyətlərinin maraqlarına ziddir. Faktiki olaraq gələcəkdə Çin qızıldan sonra, dünya valyutası yaratmağa çalışa bilər və burada dollara qarşı ABŞ-ın və Qərbin qlobal valyuta hegemoniyasına qarşı yeni mübarizə cəbhəsini görə bilərik”-deyə Turab Rzayev qeyd edib.
İradə Cəlil, Bizimyol.info

