Azərbaycanı vətəni sayan iraqlı, bu gün də dinlədiyimiz məşhur "Evlərinin önü yonca" mahnısının ifaçısı Sinan Səid

Bu gün, 12:54           
Azərbaycanı vətəni sayan iraqlı, bu gün də dinlədiyimiz məşhur "Evlərinin önü yonca" mahnısının ifaçısı Sinan Səid
Azərbaycanı vətəni sayan iraqlı, bu gün də dinlədiyimiz məşhur "Evlərinin önü yonca" mahnısının ifaçısı Sinan Səidin sabah anım günüdür. Azərbaycan tamaşaçısının sevgisini qazanan Sinan Səidin çox qəribə həyat hekayəsi var. Bağdad şəhərində radio aparıcılığı edən, əslən İraq türkmanı olan Sinan Səid Bakıya 1958-ci ildə elə radio aparıcısı kimi dəvət olunur. Tezliklə Bakı ona doğmalaşır. Gələrkən təhsili olmayan Sinan Səid ali təhsilini də doğma şəhərdə alır. O vaxtlar bilmirdi ki, ömrünün sonlarında gəncliyinin Bakısı üçün çox darıxacaq. Sinan Səid özünü əsil azərbaycanlı hiss edir, Azərbaycanı bütün varlığı ilə sevirdi. Radioda işləməyə başlayan aparıcı tezliklə Azərbaycanda öz sevgisinə qarşılıq olaraq böyük sevgi qazanır. Onu vətəni hesab elədiyi ölkədə himayə edir, həm maddi, həm də mənəvi kömək edirdilər. Sinan Səidin yaxın dostu, sirdaşı Nahid Hacızadənin xatirələrində mahanının yaranma tarixini belə nəql edir: "Ona ikiotaqlı mənzil vermişdilər. "İnturist"dən öz evinə köçmüşdü. "Volqa" maşını alması da onu çox sevindirirdi. Baş redaktorumuz dönə-dönə tapşırmışdı: "Sinan Səidi gözdən qoyma. Qəribdir, ondan ayrılma. Hər axşam ona baş çək. İstəsən, onunla da qala bilərsən. Subay adamsan. İkiniz də darıxmazsınız".
Axşamlar Sinan Səid nəsə biş-düş edir, çay qoyurdu. Bu zaman o, dodaqaltı şirin, bir az da qəmli mahnılar oxuyurdu. Bir mahnısını qulağım aldı: "Ninni, yavrum, ninni". O, mahnını qurtarmamış yalvardım:
- Sinan, qadam alım, bir də oxu!
Bir dəfə dedim:
- Sinan, gəl bu mahnını lentə yazdır, efirdə səslənsin. Biz ölüb gedəcəyik, qoy mahnı yadigar qalsın, yaşasın.
Sinan tutuldu:
- Bəyim, sən nə danışırsan? Mən diktoram, gülərlər mənə. Sən bir görəydin, eşidəydin, Bağdadda, Kərkükdə bu mahnını necə oxuyurlar? Onlardan sonra mənim oxumağım gülünc görünər.
- Görünməz, əfəndim, görünməz. Özün də görərsən ki, sənin ifan hamının ürəyini tərpədər.
Sinan Səid gülümsədi:
- Bəyim, bəlkə də belə oldu. Sən mənə bir müğənni qadın tap. Biz duet oxuyaq. Onda başqa cür səslənər bu mahnı.
Mən çox adlar çəkdim: Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Flora Kərimova… Daha kimlər, kimlər…
Sinan Səid də bu müğənniləri tanıyırdı. Ancaq heç biri ürəyindən xəbər vermədi. Bir gün haradansa gəlirdik. Radiostudiyada xor ansamblının konserti məşq olunurdu. Solist Nərminə Məmmədova idi. Sinan Səid mənim qolumdan tutdu.

- Tapdım, tapdım. Bu xanım oxuya bilər "Ninni yavrum"u. Özü də yaxşı oxuyar.
O vaxtdan üzü bəri bu mahnılar yaşayır, sevilir. Efirdə: "Oxuyurlar Nərminə Məmmədova və Sinan Səid" sözləri səslənəndə hamı qulaq kəsilir". Onların birlikdə oxuduqları "Ninni, yavrum, ninni", "Mən səni sevmişəm, allam", "Altun üzük", "Sevdi yar" mahnıları "Kərkük xalq mahnıları" adı altında lentə yazılır. Tərcüməçi, pedaqoq Sinan Səid 1990-cı ildə, Nərminə Məmmədova isə yeddi il sonra – 1997-ci ildə vəfat edib.
Anar Tağıyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru