"Vətəndaşların kompensasiya tələbləri real bazar qiymətlərindən yüksək olur"

Bu gün, 17:34           
"Vətəndaşların kompensasiya tələbləri real bazar qiymətlərindən yüksək olur"
Bakının mərkəzində aparılan söküntü və yenidənqurma işləri illərdir müzakirə mövzusu olaraq qalır. Xüsusilə köhnə binaların sökülməsi zamanı sakinlərə təklif olunan kompensasiya məbləği tez-tez narazılıqlara səbəb olur. Bir çox vətəndaş verilən məbləğin həmin ərazidə yeni mənzil almaq üçün yetərli olmadığını bildirir. Bəzi hallarda isə sakinlər mənzillərinin bazar dəyərindən aşağı qiymətləndirildiyini iddia edirlər. Digər tərəfdən, tikinti şirkətləri və aidiyyəti qurumlar kompensasiyaların mövcud qaydalara uyğun hesablandığını deyirlər.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ kifayət qədər subyektivdir:

“Yəni vətəndaş öz mülkiyyətinin dəyərini sərbəst şəkildə müəyyən edir və hesab edir ki, onun dediyi məbləğ daha doğrudur. Təbii ki, söküntü aparan tərəf də məsələyə öz maraqları çərçivəsində yanaşır. Əgər bu dövlət qurumudursa, dövlət maraqları baxımından, sahibkardırsa, sahibkarlıq maraqları baxımından prosesə yanaşır və təbii olaraq zərər etməməyə çalışır. Yəni aldığı obyekti elə qiymətə əldə etmək istəyir ki, sonradan köçürmə xərcləri, investisiya və digər kapital qoyuluşları əlavə olunduqda müəyyən mənfəət əldə edə bilsin. Bu baxımdan sahibkar vətəndaşın əmlakını daha münasib qiymətə almağa çalışır. Dövlət isə qiymətləndirmə zamanı büdcə vəsaitinə qənaət prinsipini əsas götürərək bazar qiymətlərinin müəyyən olunmuş meyarlar əsasında hesablanmasını tələb edir. Belə olan halda isə tərəflər arasında mübahisənin yaranması normal və başadüşüləndir”.

O deyib ki, kim haqlıdır sualına isə birmənalı cavab vermək çətindir:

“Mülkiyyət hüquqları baxımından yanaşsaq, vətəndaş haqlıdır. Şəhərsalma və infrastruktur layihələri baxımından yanaşsaq, vəziyyət fərqlidir. İnvestisiya və tikinti prosesində iştirak edən sahibkarların da öz maraqları və haqlı hesab etdiyi məqamlar mövcuddur. Ona görə də burada konkret olaraq bir tərəfi tam haqlı və ya haqsız hesab etmək çətindir. Bəzi hallarda vətəndaşların tələbləri real bazar qiymətlərindən yüksək olur. Digər tərəfdən isə bəzi tikinti şirkətlərinin qanun pozuntularına yol verdiyi, sakinləri tam razı salmadan köçürməyə və ya söküntüyə başladığı hallar da müşahidə olunur. Buna görə də səbəblər bəlli olsa da, yekun razılığın əldə olunması çətinləşir. Çünki prosesdə iştirak edən hər bir tərəf özünü haqlı hesab edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru