Avropa şirkətləri “Starlink”ə qarşı birləşir
24-10-2025, 16:44

Avropa şirkətləri “Starlink”ə rəqib olmaq üçün peyk birləşməsi barədə razılığa gəliblər.
Valyuta.az xəbər verir ki, Avropanın aparıcı aerokosmik şirkətləri "Airbus, "Thales" və "Leonardo" peyk istehsal sahəsindəki fəaliyyətlərini birləşdirmək barədə razılığa gəliblər. Yeni qurum İlon Maskın “Starlink” layihəsinin artan təsirinə qarşı Avropanın kosmos sənayesini gücləndirmək məqsədi daşıyır.
“Project Bromo” adlanan təşəbbüs nəticəsində yaradılacaq şirkət 2027-ci ildən fəaliyyət göstərəcək və Avropa tənzimləyicilərinin təsdiqindən sonra rəsmiləşəcək. Yeni qurumun illik gəliri 6,5 milyard avro, əməkdaş sayı isə 25 min nəfər olacaq.
Sahiblik paylarının bölünməsi isə belə həyata keçiriləcək: Airbus - 35%, Thales və Leonardo - hər biri 32,5%.
Məlumatda qeyd olunur ki, şirkət balanslaşdırılmış birgə idarəetmə strukturu ilə işləyəcək.
Tərəflər bu birləşmənin 5 il ərzində yüz milyonlarla avro əlavə əməliyyat gəliri yaradacağını bildiriblər. Layihə “Thales Alenia Space”, “Telespazio” və Airbus-ın kosmik bölmələrini birləşdirəcək.
Bu addım Avropanın strateji kosmik müstəqilliyini qorumaq və ucuz kiçik peyklərin bazarda yaratdığı təzyiqə qarşı cavab vermək məqsədi daşıyır.

