NATO Rusiyanı məsuliyyətsizlikdə ittiham etdi

Bu gün, 08:34           
NATO Rusiyanı məsuliyyətsizlikdə ittiham etdi
Rumıniyada Rusiya dronu ilə bağlı baş verən insidentə münasibət bildirən NATO Rusiyanın məsuliyyətsizliyini pislədiyini açıqlayıb.

Bu barədə Alyansın sözçüsü Ellison Hart "X” sosial şəbəkəsində paylaşım edib. "Biz Rusiyanın düşüncəsiz davranışını qınayırıq və NATO bütün təhdidlərə, o cümlədən dronlara qarşı müdafiəmizi gücləndirməyə davam edəcək”, deyə sözçü bildirib.

Rumıniya Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı ayrıca bəyanat yayıb. Nazirlik insidenti "Rusiya tərəfindən ciddi və məsuliyyətsiz eskalasiya” adlandırıb.

"Rumıniya beynəlxalq hüququn və öz hava məkanının bu ciddi pozuntusuna cavab olaraq zəruri diplomatik addımlar atacaq. Rumıniya müttəfiqləri və NATO-nun baş katibini hadisənin detalları barədə məlumatlandırıb, həmçinin antidron vasitələrinin daha sürətli çatdırılması üçün tədbirlər görülməsini istəyib”, deyə bəyanatda vurğulanıb.

Rumıniyalı diplomatlar əlavə ediblər ki, Rusiya Federasiyası qeyri-qanuni müharibə aparan və regional təhlükəsizliklə yanaşı, vətəndaşların təhlükəsizliyi üçün ciddi nəticələr yaradan aqressiv dövlətdir: "Bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür. Rumıniya dərhal və hərtərəfli atəşkəsin təmin olunması üçün Rusiyaya beynəlxalq təzyiqlərin artırılması istiqamətində qətiyyətlə hərəkət edəcək".

Mayın 29-na keçən gecə Rumıniyanın Qalaç şəhərində Rusiya dronu çoxmərtəbəli yaşayış binasına çırpılıb. Pilotsuz uçuş aparatı binanın onuncu mərtəbəsində yerləşən mənzilə düşüb, nəticədə partlayış baş verib və yanğın başlayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Rumıniya Müdafiə Nazirliyi dronun Rusiyaya məxsus olduğunu təsdiqləyib. Qalaç vilayətinin təcili tibbi yardım xidmətinin rəhbəri Daniela Ençunun sözlərinə görə, bir qadın birinci dərəcəli yanıq xəsarəti alıb, 14 yaşlı yeniyetmədə isə kəskin stress reaksiyası qeydə alınıb. Ümumilikdə binadan təxminən 70 nəfər təxliyə olunub və ya özləri binanı tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru