ƏFQANISTANDA HÜQUQ VƏ SEÇKİ SİSTEMİ MƏHV EDİLİR: SON VƏZİYYƏT HAQQINDA 🇦🇫
Bu gün, 00:08

2021-ci ildə hakimiyyətə gələn "Talıban" rejimi Əfqanıstanın 2004-cü il Konstitusiyasını və dünyəvi qanunlarını ləğv etdi. Son illərdə ölkədə teokratik və kəskin iyerarxik hüquq sistemi tam bərqərar olunub.
Nə üçün bu mövzuya toxunmaq qərarına gəldim? Bu çox ağrılı geri dönüş bütün müsəlman ölkələrinə də (xüsusilə Türk dövlətlərinə - bəzilərində proseslər başlayıb, artıq) sirayət edə bilər: təhlükə hər an gözləniləndir. Talibanın 21-ci əsrdə tətbiq etdiyi üsullar 7-ci əsrdəkindən heç nə ilə fərqlənmir.
Əsas dəyişiklikləri və son vəziyyəti qısaca təqdim edirəm:
1 MƏHKƏMƏ VƏ ƏDLİYYƏ SİSTEMİNDƏ NƏ DƏYİŞİB?
Prokurorluq sistemi ləğv edilib: İttiham, tədqiqat və hökm çıxarma səlahiyyəti yalnız tək hakimin (qazı) ixtiyarına verilib, Qazi isə yalnız Ali rəhbərin tam nəzarətindədir.
Vəkillik məhdudlaşdırılıb: Dünyəvi təhsilli vəkillərin fəaliyyəti dayandırılıb. Yalnız dini mədrəsə məzunları vəkillik edə bilər (bəzən müsəlmanlar İslamı elm və təhsil dini adlandırırlar, hansı elmi, hansı təhsili nəzərdə tutduğunu unudurlar).
Sosial İyerarxiya (Cəmiyyətin Təbəqələşməsi): Məhkəmə cəza qaydalarına əsasən cəza əmələ görə deyil, şəxsin sosial statusuna görə verilir:
Din alimləri (üləma) və Elitalar: Yüngül xəbərdarlıq və ya töhmət alır.
Sıravi və aşağı təbəqə: Həbs, şallaq və ya ağır cismani cəza alır.
Ailə Hüququ: Qadınların nikahı ləğv etmək hüququ kəskin məhdudlaşdırılıb. Qızların büluq yaşına çatdıqda sükut etməsi nikaha razılıq kimi qəbul olunur.
2 SEÇKİ SİSTEMİ FAKTİKİ OLARAQ VARMI?
Qısa cavab: Xeyr. Əfqanıstanda seçki institutu tamamilə ləğv edilib.
Müstəqil Seçki Komissiyası ləğv olunub: 2021-ci ilin dekabrında seçkilərə cavabdeh olan bütün dövlət qurumları rəsmən buraxılıb.
Səsvermə və Parlamenti Yoxdur: Ölkədə heç bir prezident, parlament və ya bələdiyyə seçkisi keçirilmir.
Mütləq Hakimiyyət: Bütün qanunverici və icraedici səlahiyyət Ali Rəhbərin (Əmir al-Muminin) əlində cəmləşib.
"Məşvərət" Modeli: Siyasi qərarlar xalqın səsverməsi ilə deyil, yalnız Əmirin təyin etdiyi din xadimlərindən ibarət "Şura" (Ali Şura) vasitəsilə verilir.
ƏFQANİSTAN VƏ DİGƏR ŞƏRİƏT ÖLKƏLƏRİ: MÜQAYİSƏ ⚖️
Əfqanıstan dünyada şəriət qanunlarını tətbiq edən tək ölkə deyil, lakin onun tətbiq forması ən radikalıdır.
Əfqanıstan (Ultra-Radikal Unitar Şəriət):
Konstitusiya, dünyəvi məcəllələr və seçkilər tamamilə ləğv olunub.
Qadınların təhsili, işləməsi və ictimai həyatı tam qadağandır.
Məhkəmədə vətəndaşlar sosial təbəqələrə bölünür.
Səudiyyə Ərəbistanı (Mütləq Monarxiya / Şəriət):
Qanunların əsası şəriətdir, lakin son illərdə "Gələcək 2030" vizyonu çərçivəsində dünyəvi mülki və ticarət məcəllələri qəbul edilib.
Seçkili parlament yoxdur, lakin məhkəmə sistemi kodifikasiya olunur və qadınların hüquqları genişləndirilir.
İran (Yarım-Şəriət / Teokratik Respublika):
Hüquq sistemi şəriət və dünyəvi hüququn sintezidir.
Ölkədə İslami çərçivədə də olsa, Prezident və Parlament seçkiləri keçirilir.
Qadınların təhsil almaq, işləmək və cəmiyyətdə iştirak etmək hüququ var (geyim məhdudiyyətlərinə baxmayaraq).
Pakistan və Mərakeş (Dualist / Yarım-Şəriət Sistemləri):
Əsas hüquq sistemi dünyəvidir (ingilis və ya fransız hüquq modeli).
Şəriət qanunları yalnız Ailə və İrs hüququna şamil olunur.
Tam şəkildə fəaliyyət göstərən parlament və seçki sistemləri mövcuddur.
YEKUN
Əfqanıstan hazırda dünyada dünyəvi hüququ, konstitusiyanı və seçki institutunu 100% rədd edən yeganə ölkədir. Mövcud rejim klassik şəriət idarəçiliyini aşaraq, cəmiyyəti kastalar (təbəqələr) üzərindən idarə edən qapalı teokratik struktura çevrilmişdir.
Sizcə, müasir dünyada dünyəvi hüquqdan və seçkilərdən tam imtina edən bir model uzunmüddətli yaşaya bilərmi?
Saleh Məmmədov, professor
TEREF

