“Azərbaycan ABŞ-ın məxfi silahıdır”
23-12-2022, 12:44

Erik Levi “Jewish News Syndicate”də yazır ki, Azərbaycan ABŞ-ın potensial məxfi silahıdır. İran, Rusiya və terrorizmlə mübarizədə Vaşinqtonun dəyərli müttəfiqinə çevrilə bilər.
Müəllif yazır ki, ABŞ Əfqanıstandan çıxdıqdan sonra ABŞ-ın Mərkəzi Asiyada terror fəaliyyətini izləmək və ya hərbi və kəşfiyyat əməliyyatları aparmaq üçün bazası yoxdur. Azərbaycan bizə geosiyasi baxımdan belə bir strateji imkan yarada bilər. Prezident İlham Əliyevlə münasibətlər belə seçim üçün ciddi əsaslar verir...
O bildirir ki, 44 günlük müharibədə Azərbaycanı İsrail və Türkiyə, Ermənistanı isə Rusiya və İran dəstəkləyib.
Məqalədə İranda yaşayan türklərin probleminə toxunan analitik vurğulayır ki, ABŞ və Azərbaycanın ümumi maraqları var. Biz hər ikimiz İranın düşməniyik, hər ikimiz İsraili güclü strateji müttəfiq kimi görürük və hər ikimiz Rusiyanın Mərkəzi Asiyadakı davranışından narahatıq. ABŞ-a öz ərazisində hərbi baza verməklə Rusiya, İran və regionda terror fəaliyyətini izləmək üçün şərait yaratsa, ABŞ Azərbaycana siyasi dəstək və hərbi texnika verə bilərlər…
Erik Levi sonda qeyd edib ki, lazım gələrsə, Azərbaycan İranın nüvə obyektlərinə hücum üçün start meydançasına çevrilə bilər…
Bəzi dostlarımız da and-aman edir ki, ABŞ Azərbaycanı sevmir. Bir ovuc erməniyə görə Azərbaycanı cəzalandıracaq. Bir az realist olun...
Elbəyi Həsənli
Teref.az

