Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: -
Bu gün, 16:26

Azərbaycanın dövlət büdcəsindən elm və təhsil sahəsinə hər il milyardlarla manat vəsait ayrılsa da, bu investisiyaların cəmiyyətə real töhfələri və effektivliyi kəskin müzakirələrə səbəb olur. Elm və Təhsil Nazirliyi (ETN) və onun tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) fəaliyyəti, hesabatlılıq və şəffaflq prinsiplərinin tam təmin olunmaması baxımından tez-tez tənqid hədəfinə çevrilir. Təhsil sisteminin köklü struktur və keyfiyyət problemləri fonunda, ayrılan maliyyə resurslarının idarə olunmasındakı qeyri-şəffaflıq və nəzarət mexanizmlərinin zəifliyi ictimaiyyətdə ciddi səmərəsizlik və idarəetmə boşluqları barədə əsaslı suallar yaradır.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil eskeprti Vüqar Məmmədov yazıb. O bildirib ki, dövlət vəsaitlərinin istifadəsində ən çox tənqid olunan sahələrdən biri satınalma və tender prosedurlarıdır:
“Təhsil müəssisələrinin inşası, təmiri, rəqəmsallaşma layihələri və dərslik nəşri üçün keçirilən tenderlərdə rəqabət mühitinin zəif olması, bəzən eyni podratçıların üstünlük qazanması qanunvericiliyin tələbləri fonunda ciddi suallar doğurur.
Qiymətlərin şişirdilməsi iddiaları, eləcə də bəzi layihələrin icra keyfiyyətinin ayrılan milyonlarla manatlıq vəsaitə uyğun gəlməməsi, maliyyə resurslarının təyinatı üzrə effektiv xərclənməməsi riskini və sistemdə korrupsiya ehtimalını kəskin şəkildə artırır.
MÜTDA-nın yaradılması idarəetmənin optimallaşdırılması məqsədi daşısa da, reallıqda inzibati aparatın əsassız şəkildə genişlənməsi təəssüratını yaradır. Bu mərkəzləşmə təhsilin keyfiyyətinə hələ də hiss olunacaq dərəcədə müsbət təsir göstərməyib, lakin yeni strukturların saxlanılması, ofis və xidməti xərclərin artması büdcəyə əlavə yük gətirib.
Bölgələrdəki sıravi pedaqoji heyətin maddi təminatının aşağı səviyyədə qalması fonunda, vəsaitlərin yüksək inzibati xərclərə və praktiki nəticəsi mübahisəli olan layihələrə yönəldilməsi maliyyə resurslarının ədalətsiz və qeyri-optimal bölüşdürülməsinin bariz nümunəsidir”.
Ekspert bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin (bağçaların) təchizat sisteminin MÜTDA tərəfindən idarə olunması isə ən həssas sahələrdə – uşaqların qidalanması və zəruri ləvazimatlarla təminatında ciddi nöqsanları üzə çıxarıb:
“Təchizat zəncirində inhisarçılıq meyllərinin olması və şəffaflığın lazımi səviyyədə təmin edilməməsi keyfiyyətsiz qidalanma və digər təminat problemlərinə dair çoxsaylı şikayətlərin yaranmasına səbəb olur. Bununla yanaşı, mərkəzi nəzarətin gücləndirilməsi bəyanatlarına rəğmən, yerlərdə qeyri-rəsmi yığımların və neqativ halların hələ də tam aradan qaldırılmaması idarəetmə islahatlarının effektivliyini şübhə altına qoyur.
ETN və MÜTDA-nın fəaliyyətindəki mövcud idarəetmə modeli təhsildə real inkişafdan daha çox, səthi və imitasiya xarakterli tədbirlərlə yadda qalır. İctimai nəzarətin zəifliyi və müstəqil hesabatlılığın olmaması dövlət vəsaitlərinin səmərəli istifadəsini əngəlləyən əsas amillərdir. Bu idarəetmə və maliyyə boşluqlarını aradan qaldırmaq üçün beynəlxalq standartlara uyğun müstəqil audit yoxlamalarının aparılması, satınalmaların tam şəffaf və ictimaiyyətə açıq şəkildə təşkili qaçılmazdır. Əks halda, idarəetmədəki bu sistematik nöqsanlar təkcə dövlətin maddi resurslarının itirilməsinə deyil, həm də ölkənin gələcək intellektual potensialının zəifləməsinə yol açacaqdır.
Qeyd: Növbəti yazımda bağça müdirlərinin işə qəbulu prosesindəki pərdəarxası məqamlara, qeyri-şəffaf təyinat iddialarına və bu sahədə mövcud olan digər ciddi problemlərə işıq tutacağıq”.

