Azərbaycanın sülh doktrinası və etimad quruculuğu beynəlxalq müstəvidə dəstəklənir

Bu gün, 16:52           
Azərbaycanın sülh doktrinası və etimad quruculuğu beynəlxalq müstəvidə dəstəklənir
Dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertlərin və rəsmi şəxslərin iştirak etdiyi IV Şuşa Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Forumun məhz sülhə və etimada həsr olunması təsadüfi deyil, çünki münaqişələrin artdığı çağdaş dünyamızda Azərbaycan real sülh qurucusu nümunəsi göstərən yeganə ölkə kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və onun bu sahədə irəli sürdüyü bütün təşəbbüslər dəstəklənir.
İyulun 4-8-də ATƏT Parlament Assambleyasının Haaqada keçirilmiş 33-cü İllik Sessiyasında Azərbaycanın sülh doktrinası və etimad quruculuğu konsepsiyası ilə bağlı siyasəti Assambleya tərəfindən nəzərə alındı və birmənalı olaraq dəstəkləndi. Belə ki, ATƏT PA-nın hər üç Ümumi Komitələrinin hazırladığı Qətnamə layihələrində keçmiş münaqişə və ya Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesi ilə bağlı hər hansı istinad və ya müddəa yer almadı. Halbuki, bu məsələlərlə bağlı bəzi ziddiyyətli müddəalar ilkin Qətnamə layihələrinə daxil edilmişdi. Lakin cari ilin aprelin 27-də Kopenhagendə keçirilmiş ATƏT PA-nın Büro iclasında, həmçinin iclasdan əvvəl aparılan danışıqlarda Azərbaycanın mövqeyi Büro üzvlərinin və məruzəçilərin diqqətinə çatdırıldı və irəli sürdüyümüz əsaslandırılmış arqumentlər əsasında həmin istinad və müddəaların Qətnamə layihələrindən tamamilə çıxarılmasına nail olundu. Əsas arqumentimiz ondan ibarət idi ki, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyi nəticəsində ATƏT-in Minsk Qrupu rəsmən ləğv edilib, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müstəsna olaraq ikitərəfli formatda həyata keçirilir və bu format artıq konkret nəticələr verib. Belə olan halda, ATƏT PA-nın və ya hər hansı digər beynəlxalq təşkilatın bu prosesə müdaxilə etməsi üçün heç bir əsas yoxdur və doğru deyil.
Təqdirəlayiq haldır ki, bizim əsaslı arqumentlərimiz nəzərə alındı və ATƏT PA-nın Haaqa Sessiyasında Komitələrin Qətnamə layihələri olduğu kimi təsdiq edildi, yəni, Azərbaycan–Ermənistan münasibətlərinə dair hər hansı müddəa yer almadı. Həmçinin sənədlərin məzmununa da heç bir dəyişiklik irəli sürülmədi.
Bu isə onu göstərir ki, qərb institutu olaraq ATƏT PA Azərbaycan Prezidentinin irəli sürdüyü sülh doktrinasını və normallaşma prosesi ilə bağlı formalaşdırdığı institusional yanaşmanı, ikitərəfli danışıqlar formatını qəbul edir və ona hörmətlə yanaşır.
Əminəm ki, Şuşada keçirilən Qlobal Media Forumu da Azərbaycanın sülh gündəmini və dövlətimizin ardıcıl sülh siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq, həqiqətlərin obyektiv şəkildə təqdim olunmasını təmin etmək baxımından növbəti mühüm və təsirli platforma olacaq

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru