IV Şuşa Qlobal Media Forumu çox mühüm və vacib platformaya çevrilib

Bu gün, 16:41           
IV Şuşa Qlobal Media Forumu çox mühüm və vacib platformaya çevrilib
Texnologiyaların idarə etdiyi hiperdinamik virtual müstəvidə alqoritmlərin aqressiv istifadəsi ilə, hər il yenilənən və əvvəlkilərindən fərqlənən kommunikasiya sistemləri ilə ölkələrə qarşı siyasi, iqtisadi və hətta hərbi təsirlərə nail olmağı hədəfləyən əməliyyatların tətbiqi izlənməkdədir.
Yeni texnoloji alətlərin medianı ənənəvi məcrasından kənarlaşdırmasından başqa, süni intellekt modelləri ilə geosiyasi məqsədlər üçün zərərli istismar faktı ilə üz-üzəyik.
Ənənəvi media diplomatiyasının aktuallığını itirdiyi, yerini strateji kommunikasiya və ictimai diplomatiya kimi yeni təsir alətlərinin əvəzlədiyi günümüzdə həssas hadisələr zamanı bu alətlərin də kütləvi istehlak üçün faydasız olduğunu müşahidə edirik.
Hökumətlərin diqqətinin təhlükəsizlik və müdafiə sahəsinə yönəldiyi bir vaxtda cəmiyyətlərdə hər bir fərdi maraqlandıran, aktual məsələlər ətrafında xəbər istehlakçısının emosional diqqətinin istismarı gedir. Bu proseslərə yeni yanaşmanın qurulması günümüzün zəruri ehtiyaclarından biridir.
Müxtəlif hadisələrin süni intellekt modelləri ilə aparılan manipulyativ təbliğinin cəmiyyətlərin müxtəlif təbəqələrinə təsiri hər gün daha çox artmaqdadır. Buna görə də strateji kommunikasiya sahəsində yenilikçi yanaşma qurmaq hökumətlərin qarşısında duran prioritet məsələdəndir.
İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda ənənəvi IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev burada geniş çıxış edib.
Ölkə başçısı IV Şuşa Qlobal Media Forumunun açılışında tədbirin keçirilməsinin məqsədindən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından - dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.
Prezident İlham Əliyev Forumunun açılışındakı çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer ayıraraq qeyd edib ki, “Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq”.
Hazırda Azərbaycanda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində işlər aparılır. Belə ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə ölkəmizin əlaqələri yaxşıdır və onların genişləndirilməsi ilə bağlı işlər davam edir.
Forumda xüsusi qeyd edilib ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa, narahatlıq doğuran məsələlərinin həllinə yönəlib. O cümlədən, qardaş Türkiyə ilə əlaqələrimiz bu gün çox yüksək səviyyədədir. Ölkələrimizin əhalisi də dünyanın digər ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salsaq, “biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük” – deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışında həmçinin Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə toxunaraq bildirib ki, bu iki qurum arasında çox böyük fərq var. Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər müxtəlif olub. Avropa Komissiyasının keçmış rəhbəri cənab Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələr demək olar ki, tam uçuruma getmişdi.
Bununla bağlı Prezident İlham Əliyev iştirakçıların diqqətinə çatdırıb: “İndi biz deyə bilərik ki, bəzi korrupsiyaya uğramış şəxslər, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş nümayəndəsi cənab Okampo öz fikrini də bildirmişdir. O, müəyyən maliyyə mənbəyindən yararlandı və bir erməni oliqarxı Ermənistanla bağlı olan məsələlərdə ona dəstək vermişdir.
Dövlətimizin başçısı bildirib: “Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi və ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib. O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Xüsusən də biz gördük ki, həmin bu münasibətlərin qarşılıqlı şəkildə yenidən başlanılmasına böyük bir ehtiyac var və biz bunu dəstəklədik”.
Digər tərəfdən ölkə başçısı qeyd edib ki, Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq. “Biz toqquşmaya getmək istəmirik, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına gəldikdə, o cümlədən Avropa Parlamentini götürsək. Yenə də deyirəm, onlar bizə qarşı belə əsassız addımlar atırlar. Onlar Azərbaycana bu qədər xüsusi bir qərəzlə yanaşırlar. Bu, onların hücumlarıdır və onların hamısı əsassızdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Məhz bu kimi mövzularda işıq salınması, çıxış yollarının axtarılması üçün IV Şuşa Qlobal Media Forumunu vacib platforma adlandırmalıyıq.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru