"Ukraynanın 40 günlük əməliyyatı Rusiyaya təsir göstəribmi?" - "The Guardian"
Bu gün, 00:15

Ukrayna prezidenti Vladimir Zelenskinin elan etdiyi Rusiyaya qarşı 40 günlük zərbələr kampaniyası Moskvanı müharibəni dayandırmağa məcbur etməyi hədəfləyib.
Bu barədə "The Guardian" nəşri yazıb.
Nəşr yazır ki, kampaniya Rusiyanı təslim olmağa vadar etməsə də, müharibənin Rusiya ərazisinə daşınması baxımından mühüm psixoloji və strateji təsir göstərib. Nəşrin yazdığına görə, ekspertlər hesab edir ki, kampaniyanın əsas məqsədi Rusiyanın neft infrastrukturu və hərbi-logistika imkanlarına zərbə vurmaq, eyni zamanda Kremlə göstərməkdir ki, Ukrayna müharibəni Rusiya daxilinə daşımaq gücünə malikdir.
Moskva və Krım daha çox təzyiq altında qalıb
Analitiklərin fikrincə, son həftələrdə artan zərbələr Moskva sakinlərini də müharibənin təsirlərini hiss etməyə məcbur edib. Yanacaqdoldurma məntəqələrində növbələrin yaranması, Krımda enerji kəsintiləri və logistikanın pozulması bunun nümunələri kimi göstərilir.
Məqalədə qeyd olunur ki, bu hücumlar Rusiyada hava hücumundan müdafiə sisteminin səmərəliliyi ilə bağlı narazılığı da artırıb. Eyni zamanda, Ukraynanın Rusiya ərazisinə zərbələri ABŞ prezidenti Donald Tramp administrasiyasının Kiyevə münasibətinin dəyişməsinə təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.
Kampaniya davam edə və daha da güclənə bilər
Ekspertlər hesab edir ki, 40 günlük müddət rəmzi xarakter daşıyır və əməliyyat bununla bitməyəcək. Onların fikrincə, Ukrayna Rusiyanın hərbi-sənaye obyektlərinə, neft emalı zavodlarına və digər strateji hədəflərə zərbələri davam etdirə, hətta daha genişmiqyaslı əməliyyatlara keçə bilər.
Qeyd olunur ki, Ukraynanın zərbələri artıq Rusiyanın yanacaq infrastrukturuna ciddi təsir göstərib. Bir sıra bölgələrdə yanacaq qıtlığı, uzun növbələr və qiymət artımı müşahidə olunur. Ukrayna dronlarının Sibirə qədər çatması isə regiondakı neft emalı zavodları, hərbi bazalar və iri qaz anbarlarının da risk altında olduğunu göstərir. Bununla belə, analitiklər bu problemlərin hələlik Vladimir Putin hakimiyyəti üçün ciddi siyasi təhlükə yaratmadığını düşünürlər.



