Zelenski-Putin görüşü Türkiyədə baş tuta bilər - Emre Dinerdən ŞƏRH
Bu gün, 00:13

"Ankara Qara dənizdə gərginliyin artmasını məhdudlaşdıran və Rusiyanı da masa arxasında saxlayan yeni diplomatik prosesin mərkəzi olmaq istəyir"
Rusiya-Ukrayna müharibəsində diplomatik cəhdlərin zəiflədiyi, tərəflər arasında fikir ayrılıqlarının dərin qaldığı bir vaxtda Türkiyənin fəallığı yenidən diqqət mərkəzinə gəlib. Xarici işlər naziri Hakan Fidanın Kiyevə səfəri və Ukrayna rəsmiləri ilə keçirdiyi görüşlər Ankaranın münaqişənin həllindəki rolunu daha da artırmaq istədiyini göstərir.
Səfər zamanı Fidan müharibəyə son qoymaq üçün hərtərəfli danışıqların vacibliyini vurğulayıb, artan hücumlardan narahatlığını ifadə edib və tərəflərin yenidən diplomatik masa arxasına qayıtmasının zəruri olduğunu bildirib. O, Türkiyənin müharibənin ilk günündən etibarən Ukraynaya siyasi və hərbi dəstək verdiyini, eyni zamanda Moskva və Kiyevlə birbaşa təmasları davam etdirdiyini qeyd edib.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner mövzu ilə bağlı Sherg.az-a Hakan Fidanın Ukraynaya səfərindən danışıb:
"Xarici işlər naziri Hakan Fidanın Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə verdiyi açıqlamalar çox aydın mesajlar ehtiva edir. Nazir Fidanın səfərinin vaxtı da olduqca önəmlidi. Rusiya-Ukrayna arasında sülh danışıqlarının yavaşladığı, tərəflərin şərtlərinin hələ də bir-birindən uzaq olduğu və Kremlin yeni danışıqlara məsafəli göründüyü bir dövrdə nazir Fidan Kiyevə getdi. Səfər zamanı verilən mesajları isə Türkiyənin klassik “tarazlıq siyasəti”ndən daha aktiv vasitəçilik və Qara dəniz təhlükəsizliyi siyasətinə keçidinin göstəricisi kimi oxumaq lazımdır.
Nazir Fidanın İstanbulda aparılan danışıqların davam etməsinin faydalı olacağını söyləməsi və Türkiyənin yenidən görüşlərə ev sahibliyi etməyə hazır olduğunu bildirməsi, adi diplomatik arzu ifadəsindən daha artıq məna daşıyır.
Ankara müharibənin sona çatdırılmasında yalnız mesaj ötürən aktor deyil. O eyni zamanda danışıqlar prosesinin qurucu və idarəedici ölkəsi olmaq istəyir".
Analitik vurğulayıb ki, Ukraynanın xarici işlər naziri Sibiqa Zelenski-Putin görüşü üçün Türkiyəni əsas variantlardan biri kimi göstərməsi, Kiyevin Ankaranın bu rolunu qəbul etdiyini ortaya qoyur:
"Ukraynanın xarici işlər naziri Andrey Sibiqa həmçinin Ukraynanın atəşkəsə hazır olduğunu və prosesin yalnız liderlər səviyyəsindəki təmaslarla yeni dinamika qazana biləcəyini bildirib.
Tərəflərin verdiyi mesajları qiymətləndirdikdə, gələcək perspektivdə 3 mümkün inkişafın ola biləcəyinə dair siqnallar verdiyini görürük.
Bunlardan birincisi odur ki, məhdud və ya mərhələli bir atəşkəs gündəmə gələ bilər. İkincisi, əsir mübadiləsi, enerji infrastrukturu və Qara dənizin təhlükəsizliyi kimi sahələrdə ara razılaşmalar əldə edilə bilər.
Üçüncüsü isə uyğun siyasi zəmin yarandığı təqdirdə, Türkiyədə Zelenski-Putin və ya daha geniş iştiraklı liderlər sammitinin keçirilməsi ehtimalı kimi qiymətləndirilə bilər".
Ekspert Hakan Fidanın görüş zamanı səsləndirdiyi fikirlərə də diqqət çəkib:
"Nazir Fidanın Kiyevdə verdiyi əsas mesaj budur: Türkiyə Ukraynanın suverenliyini və Krım tatarlarının hüquqlarını müdafiə etməyə davam edəcək. Lakin Ankara müharibənin hərbi üsullarla qəti şəkildə nəticələnə biləcəyinə inanmır. Türkiyə Qara dənizdə gərginliyin artmasını məhdudlaşdıran və Rusiyanı da masa arxasında saxlayan yeni diplomatik prosesin mərkəzi olmaq istəyir".

