Azərbaycan nə Qum, nə də Ər-Riyad saatı ilə hərəkət edir - Ramazan ayı üzərindən fitnə salanlara XƏBƏRDARLIQ

21-02-2026, 08:45           
Azərbaycan nə Qum, nə də Ər-Riyad saatı ilə hərəkət edir -
Kimdir özünü müfti elan edənlər?

Ölkəmizdə Ramazan ayının başlanması ilə bağlı məsələ artıq rəsmi şəkildə həllini tapıb. Qafqaz Müsəlmanları İdarəsi fətva verib və ayın 19-da başladığını elan edib. Qərar verilməzdən əvvəl müvafiq elmi qurumlarla, o cümlədən rəsədxana ilə məsləhətləşmələr aparılıb. Eyni mövqe Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən də dəstəklənib. Yəni məsələ nə fərdi fikir, nə də sosial şəbəkə mübahisəsidir – dövlət və dini institutların ortaq qərarıdır.

İslam ənənəsində hər ölkə ayın görünməsinə öz üfüqünə görə qərar verir. Peyğəmbərimizin hədislərində də bu prinsip öz əksini tapır və tarix boyu müsəlman ölkələri bu qayda ilə hərəkət edib. Heç bir ölkə digərinə dini baxımdan inzibati tabeçilik daşımır. Azərbaycan müstəqil dövlətdir və dini məsələlərdə də rəsmi institutları var.

Amma bütün bunlara baxmayaraq, bəzi şəxslər yenə də çıxıb özlərini ölkənin müftisi kimi aparmağa çalışırlar. Sosial şəbəkələrdə və xüsusən “YouTube” üzərindən yayımlanan çağırışlarla rəsmi qərara qarşı alternativ “fətva”lar səsləndirilir. Onlardan biri də “Tövbə Zamanı” adlı kanaldır. Kanalın dini mövzularda çıxış edən şəxsi kimi təqdim olunan Abdurrahim Muradlı isə iddia edir ki, guya Azərbaycanda Ayın görünməsi təqib olunmur və bu səbəbdən biz Səudiyyə Ərəbistanına tabe olaraq fevralın 18-də oruc tutmalıymışıq.

Bu iddia həm dini, həm də dövlətçilik baxımından problemli yanaşmadır. Əgər ölkədə rəsmi şəkildə ayın müşahidəsi aparılırsa, rəsədxana ilə məsləhətləşmə gedirsə və qərar elan olunursa, hansı əsasla “burada Ay izlənmir” kimi ittiham səsləndirilir? Bu sualın cavabı yoxdur. Əvəzində isə cəmiyyətdə şübhə yaratmaq, insanları tərəddüdə salmaq və müsəlmanlar arasında ixtilaf formalaşdırmaq cəhdi görünür.

Daha əvvəl “Azərbaycanda Ay görünmür” deyib dağlarda Ay axtardığını söyləyən bir şəxsin bu gün birdən-birə “Səudiyyədə görünübsə, biz də onlara tabe olmalıyıq” deməsi ziddiyyətli mövqedir. Bu yanaşma dini arqumentdən çox, başqa mərkəzə istinad etmə psixologiyasını xatırladır. Sual açıqdır: nə vaxtdan Azərbaycan başqa ölkənin dini qərarına tabe olmalıdır?

Məsələ təkcə bir gün tez və ya gec oruc tutmaq deyil. Məsələ ölkə daxilində dini birliyin qorunmasıdır. Ramazan həmrəylik, birlik və mənəvi saflaşma ayıdır. Bu ay üzərindən cəmiyyətə parçalanma toxumu səpmək, rəsmi qurumlara inamsızlıq yaratmaq hansı niyyətə xidmət edir? Dövlətin tanıdığı və səlahiyyət verdiyi qurumlar varkən, fərdi “YouTube” kanallarının alternativ dini idarəçilik iddiası nə dərəcədə qəbulolunandır?

İddialara görə, sözügedən kanal xaricdə yaşayan və Səudiyyə Ərəbistanında çalışan bir şəxs tərəfindən maliyyələşdirilir. Əgər bu doğrudursa, vəziyyət daha da ciddi xarakter alır. Çünki o zaman məsələ təkcə fərdi fikir yox, xaricdən istiqamətləndirilən təsir cəhdi kimi də qiymətləndirilə bilər. Azərbaycanda oturub ölkənin rəsmi dini institutlarını gözdən salmağa çalışmaq, “burada Ay izlənmir” kimi ittihamlar yaymaq açıq şəkildə ictimai sabitliyə zərbədir.

Dövlətçilik mövqeyi burada aydındır. Azərbaycan Respublikasında dini məsələlər rəsmi qurumlar tərəfindən tənzimlənir. Fərdi şəxslərin özlərini müfti elan edib alternativ fətva verməsi nə hüquqi, nə də dini baxımdan legitimdir. Müsəlmanların birliyini pozmağa, araya fitnə salmağa heç kimin ixtiyarı yoxdur.

Ramazan ayı ibadət, səbir və birlik ayıdır. Bu müqəddəs zaman kəsiyini sosial şəbəkə reytinqinə, şəxsi ambisiyaya və ya xarici istinadlı çağırışlara qurban vermək doğru deyil. Cəmiyyət olaraq seçim qarşısındayıq: ya rəsmi, elmi və dini əsaslara söykənən qərara əməl edib birlik nümayiş etdirəcəyik, ya da hər kəs öz “kanal fətvası” ilə ayrı yol tutacaq.

Azərbaycanın yolu bəllidir. Bu yol dövlətçiliyin, qanunun və ictimai birliyin yoludur. Ramazanı da bu birlik ruhunda qarşılamaq hər kəsin məsuliyyətidir.

Camal Cavanşir

Yenicag.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru