Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...

Bu gün, 09:26           
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
İran üçün ölkəmizlə sərhəd daha "gərginlik zonası" deyil, əksinə, sabit və idarəolunan tranzit xətti kimi qəbul olunur
İran ABŞ və İsraillə hərbi əməliyyatlar fonunda Azərbaycanla sərhəddə heç bir gərginlik olmamasından məmnunluq duyur. Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini, həmçinin Gömrük Administrasiyasının rəhbəri Forud Əsgəri Biləsuvar sərhəd gömrük məntəqəsinin fəaliyyəti ilə tanış olduqdan sonra bildirib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasındakı sərhəddə qarşılıqlı fəaliyyət yüksək səviyyədə qalır. Hərbi əməliyyatlar dövründə sərhəd-keçid məntəqələrində heç bir problem qeydə alınmayıb. Əsgəri qeyd edib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində ixrac, idxal və tranzit əməliyyatlarının həcminin artırılması planlaşdırılır. Gözlənilir ki, bu addımlar Ərdəbil-Biləsuvar azad ticarət zonasını ölkənin ən fəal zonalarından birinə çevirəcək.

ABŞ və İsraillə İran arasında davam edən gərginliklərin fonunda regionun müxtəlif nöqtələrində risklərin artdığı müşahidə olunur. Lakin İran tərəfi Azərbaycanla sərhəddə hər hansı insidentin baş vermədiyini xüsusi vurğulayır. Bu, təkcə texniki idarəetmə uğuru kimi deyil, həm də tərəflər arasında praqmatik və işlək kommunikasiya xəttinin mövcudluğu kimi qiymətləndirilə bilər.

Analitik baxımdan bu vəziyyət göstərir ki, İran üçün Azərbaycan sərhədi “gərginlik zonası” deyil, əksinə, sabit və idarəolunan tranzit xətti kimi qəbul olunur.

Ümumilikdə, Biləsuvar sərhəd məntəqəsi ətrafında aparılan siyasət yalnız iqtisadi modernizasiya layihəsi kimi yox, həm də İranın regionda sabitlik və əməkdaşlıq mesajı kimi oxuna bilər. Əsgərinin açıqlamalarında diqqət çəkən digər məqam Biləsuvarın Mərkəzi Asiya ilə ticarət axınlarında potensial roludur. Bu, İranın sərhəd strategiyasını yalnız ikitərəfli (İran-Azərbaycan) çərçivədə deyil, daha geniş regional logistika şəbəkəsi kontekstində düşündüyünü göstərir.

Ərdəbil-Biləsuvar azad ticarət zonasının aktivləşdirilməsi planı da bu yanaşmanı gücləndirir. Belə zonalar adətən həm ticarət dövriyyəsini artırmaq, həm də regional iqtisadi asılılıqları dərinləşdirmək üçün istifadə olunur.

“Yaxın Şərqdə gərginliyin artması, xüsusilə İranla ABŞ-İsrail xətti arasında hərbi qarşıdurmanın müharibəyə çevrilə bilməsi ehtimalını gücləndirən proseslər regionu getdikcə daha həssas və riskli mərhələyə sürükləyir. Belə bir mürəkkəb geosiyasi fon şəraitində region dövlətlərinin davranış modeli və prioritetləri xüsusi diqqət mərkəzinə çevrilir. Məhz bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan uzun illərdir həm regional, həm də qlobal səviyyədə sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş ardıcıl siyasət yürüdür”.

Bu sözləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O bildirib ki, rəsmi Bakı prinsipial mövqeyinə sadiq qalaraq öz ərazisinin üçüncü tərəflərə qarşı istifadə olunmasına heç vaxt şərait yaratmayıb və bu xətt dəyişməz olaraq qalır: “Baş verən son hadisələr göstərir ki, bu yanaşma sadəcə siyasi bəyanat deyil, praktik siyasətin əsas elementidir. Diqqətçəkən məqamlardan biri də odur ki, İran tərəfi artıq bu reallığı açıq şəkildə qəbul edir. İranın sənaye, mədən və ticarət nazirinin müavini, eyni zamanda Gömrük Administrasiyasının rəhbəri Forud Əsgərinin Azərbaycanla sərhəddə sabitliyin qorunduğunu və heç bir insidentin qeydə alınmadığını vurğulaması bunun aydın göstəricisidir”.

V.İskəndərovun sözlərinə görə, burada əsas məsələ İranın Azərbaycan istiqamətinə yanaşmasında özünü göstərir: “Tehran bu xətti risk zonası kimi deyil, daha çox etibarlı və funksional tranzit marşrutu kimi dəyərləndirir. Bu isə faktiki olaraq regionda iqtisadi və logistika baxımından alternativlərin qorunmasına xidmət edir. Eyni zamanda belə bir yanaşma İranın mövcud geosiyasi təzyiqlər fonunda iqtisadi əlaqələri tam itirməmək niyyətindən xəbər verir”.

“Ümumilikdə, ortaya çıxan mənzərə onu göstərir ki, burada söhbət yalnız texniki koordinasiyadan getmir. Əksinə, qarşılıqlı maraqlara əsaslanan və praqmatik hesablamalar üzərində qurulan münasibət modeli formalaşır. Bu model sübut edir ki, hətta genişmiqyaslı gərginlik fonunda belə, müəyyən istiqamətlər üzrə rasional əməkdaşlıq qorunub saxlanıla və daha da inkişaf etdirilə bilər” - deyə o vurğulayıb.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan daim cənub qonşusu ilə yaxın əlaqələr qurmaqda maraqlı olub: “Çox yaxşı haldır. Çünki artıq İran rəsmiləri başa düşməyə başlayıblar ki, İran-Azərbaycan sərhədində heç bir gərginlik yoxdur və Azərbaycandan İrana hər hansı bir təhlükə ola bilməz. 60 gündən artıqdır ki, İran-ABŞ və İsrail hərbi əməliyyatları baş verib. Azərbaycan ilk gündən bəyan etdi ki, biz İrana hərbi müdaxiləyə, raketlərlə vurulmasına hava xəttimizdən istifadə olunmasına və baş vermiş münaqişəyə hər hansı bir dəstək verməyəcəyik. Azərbaycan hər zaman İranla ikitərəfli, normal, qarşılıqlı səmimi əlaqələrin inkişaf etdirilməsində maraqlı olub. Hər zaman mədəni, dostluq, iqtisadi, siyasi, diplomatik əlaqələrin möhkəmlənməsində maraqlı olmuşuq. İranın ərazi bütövlüyünü tanımışıq. Eyni dinin daşıyıcılarıyıq. Tarixi əlaqələrimiz mövcuddur. 40 milyondan artıq Azərbaycan türkü İran vətəndaşıdır. Bütün bunlar çox mühüm amillərdir. Bu gün Azərbaycanla münasibətlərinin normal və yaxşı olmasına daha çox İranın ehtiyacı var. Müharibə başlanandan bəlkə də Azərbaycan yeganə ölkədir ki, İrana dəfələrlə humanitar yardım göstərib və bu müharibənin dayanmasını və danışıqlar masasına keçməsini arzu edir. Biz günahsız insanların həyatını itirməməsini arzu edirik. Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı artıq hər kəsə bəllidir ki, ABŞ İranı blokadaya alıb. Uzun illər sanksiya altında boğulan İran üçün bu vəziyyətin həddindən artıq ağır olacağını düşünürəm. İranda sosial vəziyyətin və böhranın qaçılmaz olduğu gözlənilir. Aclıq və ağır şəraitin baş verməsi qaçılmaz olacaq. İran rəsmiləri özləri bəyan edirlər ki, müharibədən sonra körfəz ölkələri ilə münasibətlərin fonunda Azərbaycanla sərhəddə hər hansı bir insidenti baş vermir. Əlbəttə ki, bu təkcə texniki idarəetmə deyil, həmçinin də işlək kommunikasiya xəttinin mövcudluğu kimi qəbul olunur. İran-Azərbaycan ticari əlaqələri, qeyd olunduğu kimi, Mərkəzi Asiya ilə ticarət axınında mühüm rol oynaya bilər. Və bundan bir çox ölkələr iqtisadi səmərəliliyini artıra bilər. Azad ticari zonanın yaranması regional iqtisadi münasibətləri dərinləşdirəcək faktordur. Azərbaycan hər zaman qonşuları ilə bütün əməkdaşlığın tərəfdarı və etibarlı dövləti kimi çıxış edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru