Azərbaycan əhalisinə GÖZLƏNİLMƏZ MÜJDƏ: Bütün artımlar və indeksasiyalar nəzərə alınacaq!

Bu gün, 08:18           
Azərbaycan əhalisinə GÖZLƏNİLMƏZ MÜJDƏ:
Məhkəmə yolu ilə pensiya hüququnu bərpa edən vətəndaşların ən çox verdiyi sual açıq qalır: gecikən illərin ödənişi tam şəkildə qaytarılmalıdırmı? Xüsusilə uzun sürən məhkəmə prosesləri fonunda bu məsələ aktuallığını artırır.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən hüquqşünas Rəhim Xoyski bildirib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq icra qaydalarına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən təyin edilir, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilir.

Onun sözlərinə görə, konkret halda vətəndaş 65 yaşında pensiya üçün müraciət etsə də, imtina alıb və məhkəmə prosesi 5 il davam edib:

“Bu halda pensiya təyinatı vətəndaşın ilk müraciət etdiyi tarixdən hesablanmalıdır. Çünki gecikmə vətəndaşın müraciət etməməsi ilə deyil, pensiya təyin edən orqanın səhv qərarı və ya imtinası ilə bağlıdır. Beləliklə, vətəndaşa həmin 5 ilin hamısı üzrə yaranmış borc tam şəkildə ödənilməlidir”.

Hüquqşünas vurğulayıb ki, ötən dövr üçün pensiya məbləği hesablanarkən bütün qanuni artımlar və indeksasiyalar nəzərə alınır:

“Qanunvericiliyə əsasən, əmək pensiyaları hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Vətəndaşın 5 il ərzində almalı olduğu məbləğ hər ilin indeksasiya faizləri tətbiq edilməklə yenidən hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir”.

Rəhim Xoyski əlavə edib ki, məsuliyyət məsələsi də qanunvericilikdə öz əksini tapır:

“Qanunun 46-cı maddəsinə əsasən, pensiyanın düzgün hesablanmaması və ya vaxtında təyin edilməməsinə görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Pensiya qanunvericiliyində birbaşa ‘gecikmə faizi’ nəzərdə tutulmasa da, Mülki Məcəllənin 445-ci maddəsinə əsasən pul öhdəliklərinin gecikdirilməsinə görə faiz tələb etmək mümkündür. Həmçinin, vətəndaş məhkəmə qaydasında dövlət orqanının qanunsuz qərarı nəticəsində dəymiş zərərin, o cümlədən inflyasiya itkilərinin ödənilməsini “İnzibati icraat haqqında” Qanuna əsasən tələb edə bilər”.

Hüquqşünasın sözlərinə görə, nəticə etibarilə məhkəmə qərarından sonra vətəndaşa pensiya borcu müraciət etdiyi tarixdən etibarən, yəni 5 ilin tam məbləği üzrə, bütün indeksasiya artımları nəzərə alınmaqla ödənilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru