"Bugatti"də "Porsche" dövrü başa çatdı: Avtomobil nəhənginin yeni məkanı...
Dünən, 17:44

Yarım əsrlik səssizliyin ardından “Volkswagen” tərəfindən yenidən zirvəyə daşınan “Bugatti”, Alman nəhənginin qanadları altından rəsmən ayrılıb. “Porsche”nin yaşadığı iqtisadi sıxıntı və elektrikli avtomobil bazarındakı durğunluq markanın bir investor qrupuna təhvil verilməsinə səbəb olub.
Valyuta.az xəbər verir ki, fransız lüks avtomobil istehsalçısı “Bugatti”nin taleyi yenidən yazılır. “Volkswagen” Qrupunun çətiri altında keçən təxminən otuz illik dövrdən sonra marka Alman nəhəngindən tamamilə ayrılaraq yeni bir yolçuluğa çıxır.
2021-ci ildə idarəetməni üzərinə götürən “Porsche”, əlindəki bütün səhmləri bir investor konsorsiumuna sataraq “Bugatti” ilə yollarını ayırıb. Bu strateji ayrılıq yalnız mülkiyyət dəyişikliyi deyil, həm də avtomobil sənayesində qlobal böhranların və dəyişən istehlakçı davranışlarının əksi kimi qiymətləndirilir.
Markanın müasir tarixində əsas yüksəliş 1998-ci ilə dayanır. Ferdinand Piçin mühəndislik nümayişi yaratmaq istəyi ilə yenidən canlandırdığı “Bugatti”, Veyron modeli ilə avtomobil dünyasında standartları dəyişmişdi. Min at gücünə yaxın performansı ilə tanınan bu model həm də yüksək zərifliyi ilə seçilirdi. Lakin 2026-cı ilə gəldikdə, bu texnoloji iddianın yerini daha praqmatik və iqtisadi yanaşmaların aldığı görünür.
“Volkswagen”, 2021-ci ildə “Bugatti”ni Xorvatiya texnologiya şirkəti “Rimac” ilə birləşdirərək markanı elektrikli gələcəyə hazırlamağı planlaşdırmışdı. Lakin elektrikli hiperavtomobillərə olan tələb gözlənildiyi qədər artmayıb. Xüsusilə super lüks seqmentdə müştərilər tam elektrikli modellərə qarşı ehtiyatlı mövqe sərgilədi. Bu isə “Porsche” və “Volkswagen”i strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edib.
“Porsche”nin bu qərarının arxasında yalnız strateji seçim deyil, həm də iqtisadi təzyiqlər dayanır. Elektrikli avtomobil keçidinə böyük sərmayələr qoyan şirkət, ABŞ bazarındakı tələbin azalması və yeni vergi qaydaları səbəbindən çətinlik yaşayır. Satışların azalması və istehsalın optimallaşdırılması şirkəti əsas fəaliyyət sahəsinə fokuslanmağa məcbur edib.
“Porsche”nin baş icraçı direktoru Maykl Layters bu addımın markanı öz kökünə qaytaracağını bildirib. Mate Rimac isə yeni strukturun şirkətə daha çevik qərarvermə imkanı verəcəyini qeyd edib. “Bugatti” artıq böyük bir holdinqin tərkib hissəsi deyil, müstəqil şəkildə yoluna davam edən bir marka kimi fəaliyyət göstərəcək.

