Antarktida buzlaqlarında ulduz tozu tapılıb

Bu gün, 17:38           
Antarktida buzlaqlarında ulduz tozu tapılıb
Antarktidadakı buzlaqlarda ulduz partlayışlarından yaranan radioaktiv toz qalıqları aşkar olunub. Yeni tədqiqatlar göstərir ki, bu kosmik hissəciklər Günəş sistemimizin keçmişini anlamaq üçün vacib ipucları verir.

Bu barədə "space.com" elmi portalı məlumat yayıb.

Kainatın müxtəlif yerlərində, ulduzlararası məkanda qaz, toz və plazmadan ibarət nəhəng buludlara rast gəlmək mümkündür. Bu kosmik buludlar fəzada hərəkət edərkən özlərində müxtəlif maddələr toplayır və planetimiz həmin buludların daxilindən keçərkən bu maddələr bəzən Yer səthinə düşür. Alimlər yeni araşdırma çərçivəsində bu maddənin tərkibində qədim supernovaların (ifrat yeni ulduzlar) yan məhsulunu - Antarktika buzlarına nüfuz etmiş və buludda ilişib qalmış radioaktiv dəmir-60 (60Fe) izotopunu aşkar ediblər.

"Biz Antarktida buzlarında supernova partlayışı nəticəsində yaranan dəmir-60 izotopunu tapdıq. Əgər dəmir-60 toz hissəcikləri (ulduz tozu) şəklində kondensasiya olunursa, bu zaman həmin toz Günəş sisteminin müdafiə qatını yararaq Yerə çata bilər", - deyə İon Şüaları Fizikası və Materialşünaslıq İnstitutunun tədqiqat rəhbəri Dominik Koll "space.com" saytına bildirib.

Məlumata görə, tədqiqat qrupu yaşı 40 000 ilə 80 000 il arasında dəyişən 300 kiloqramdan çox Antarktida buzu nümunəsini analiz edib. Alimlərin fikrincə, məhz bu dövrdə kosmik fəzaya maddə atan və sonradan buludda cəmləşən supernova partlayışı baş verib. Buzun əridilməsi və kimyəvi emalından sonra, ionları sürətləndirərək izotopları ayırmağa imkan verən sürətləndirici kütlə spektrometriyası metodunun köməyi ilə mütəxəssislər nümunələrdəki həmin izotopun ayrı-ayrı atomlarını tədqiq edib saya biliblər.

"Biz radioaktiv dəmir-60 izotopunun tək atomlarını axtarırdıq. Bu izotop partlayan ulduzların bir növ "barmaq izi" hesab olunur. Bizim fərziyyəmiz ondan ibarət idi ki, əgər dəmir-60 ulduz partlayışlarından yaranıbsa, o, lokal ulduzlararası buludun daxilində tapıla bilər", - deyə Koll əlavə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru