Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 00:04

Bu gün dünyanın ən böyük təhlükələrindən biri dini radikalizm və təkfirçi ideologiyalardır. Bir zamanlar yalnız müəyyən bölgələrin problemi hesab edilən bu təhlükə artıq qlobal xarakter alıb. Yaxın Şərqdə milyonlarla insanın həyatını məhv edən, dövlətləri parçalayaraq xaosa sürükləyən radikal dini qruplar illərlə “din” adı altında terror, nifrət və zorakılığı yaymağa çalışıblar.
İŞİD kimi terror təşkilatlarının ortaya çıxması göstərdi ki, dini fanatizm sadəcə ideoloji məsələ deyil, həm də ciddi təhlükəsizlik problemidir. Məhz buna görə dünyanın əksər ölkələri radikal dini cərəyanlara qarşı sərt nəzarət mexanizmləri tətbiq edir, təhlükəli hesab edilən şəxsləri xüsusi siyahılara salır və onların fəaliyyətini izləyir.
Azərbaycan da uzun illərdir dini radikalizmə qarşı mübarizə aparan ölkələrdən biridir. Çünki tarix göstərib ki, dini ekstremizm cəmiyyətləri içəridən parçalamağa, insanları dövlətə və milli dəyərlərə qarşı yönləndirməyə çalışan ən təhlükəli vasitələrdən biridir. Belə bir həssas dövrdə bəzi şəxslərlə bağlı ortaya çıxan iddialar isə cəmiyyətdə ciddi suallar doğurur.
İddialara görə, Quran oğrusu (tərcümə edirəm adı altında Ziya Bünyadov və Vasim Məmmədəliyevin zəhmətini mənimsədiyi üçün dini sferada həm də bu şəkildə təqdim olunur) Əlixan Musayev İŞİD-lə gizli əlaqələri və radikal təkfirçi ideyaları səbəbilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi tərəfindən Həcc ziyarətinə buraxılmayıb. 2024-cü ildə Ciddə aeroportundan, əynində ehram olduğu halda geri qaytarılıb. 2025-ci ildə yenidən cəhd etsə də, buna nail olmayıb. 2026-cı il Həcc ziyarəti üçün də ona qoyulan qadağanın götürülmədiyi bildirilir. Qadağanın 5 illik, yoxsa müddətsiz olduğu hələlik dəqiq məlum deyil.
Səudiyyə Ərəbistanının Əlixan Musayevi Həcc təhlükəsizliyi baxımından riskli şəxs kimi qiymətləndirdiyi iddia olunur və onun Həcc mərasimlərinin təhlükəsizliyinə potensial təsir göstərə biləcəyi qeyd edilir. Həmçinin iddialara görə, əvvəlki Həcc mövsümlərində Küveyt və Gürcüstandan olan radikal cihad meyilli şəxslərlə əlaqələri Səudiyyə Ərəbistanı Həcc qurumlarının diqqətini cəlb edib. Küveytdə Suriyaya “cihad dəstəyi” adı altında fəaliyyət göstərdiyi iddia edilən bəzi şəxslər və təşkilat nümayəndələri ilə Həcc zamanı keçirilən görüşlərin də diqqətdən kənarda qalmadığı bildirilir.
Deməli, iddialara görə, Əlixan Musayevin Azərbaycan dövlətinə və ictimaiyyətə məlum olmayan bəzi gizli əlaqələri və fəaliyyətləri mövcud olub və bu fəaliyyətlərin Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin diqqətini cəlb etdiyi bildirilir.
Əgər bu iddialar doğrudursa, o zaman məsələ artıq sadəcə dini fəaliyyət və ya fərdi baxış məsələsi deyil, açıq şəkildə milli təhlükəsizlik məsələsidir. Dünyanın ən sərt təhlükəsizlik sistemlərindən birinə malik olan Səudiyyə Ərəbistanı bir şəxsi Həcc və müqəddəs məkanlar üçün risk hesab edirsə, bu, təsadüfi və ya sıradan qərar sayıla bilməz. Çünki Həcc mərasimləri zamanı milyonlarla insanın təhlükəsizliyi təmin olunur və radikalizmə, terror əlaqələrinə və təkfirçi ideologiyalara qarşı ən kiçik şübhə belə ciddi nəzarətə götürülür.
Belə olan halda ortaya çox ağır və narahatedici suallar çıxır. Necə olur ki, müqəddəs məkanlar üçün təhlükəli hesab edilən bir şəxs Azərbaycanda rahat şəkildə fəaliyyət göstərə bilir? Necə olur ki, müxtəlif ev toplantıları, qapalı görüşlər keçirir, sosial şəbəkələrdə açıq təbliğat aparır, öz ətrafında çevrə formalaşdırır və müəyyən təsir imkanları əldə edir? Ən təhlükəli məqam isə budur ki, radikal ideologiyalar həmişə ilk mərhələdə “sadə dini söhbət”, “maarifçilik” və ya “dini təbliğ” görüntüsü altında yayılır. Daha sonra isə cəmiyyət daxilində parçalanma, dövlətə qarşı nifrət və təhlükəli fanatizm formalaşdırır.
Azərbaycan Suriyanın, İraqın və digər Yaxın Şərq ölkələrinin yaşadığı faciələri görmüş bir dövlətdir. Dövlət illərlə dini radikalizmlə mübarizə aparıb, xarici təsirlərin qarşısını almağa çalışıb. Bu səbəbdən də adı İŞİD, təkfirçilik və radikal çevrələrlə yanaşı hallanan şəxslərlə bağlı iddialar cəmiyyət tərəfindən adi xəbər kimi qəbul edilə bilməz. Əgər bir şəxs başqa dövlət tərəfindən təhlükəsizlik riski kimi qiymətləndirilirsə, onun əlaqələri, maliyyə mənbələri, görüş dairəsi və fəaliyyəti ilə bağlı bütün sualların araşdırılması ictimai təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.
Çünki radikalizmə qarşı ən böyük səhv təhlükəni gec görməkdir. Tarix dəfələrlə göstərib ki, əvvəlcə “bir neçə adamın söhbəti” kimi görünən proseslər sonradan bütöv cəmiyyətlər üçün ağır nəticələr doğurur. Bizdən deməsi, daha doğrusu yazması…
Yenicag.az

