Nə Franka keçmişik, əəə
Bu gün, 00:02

Bakı-Tiflis qatarının bilet qiymətləri ətrafında yaranan mövzu, əslində rəsmi qurumların "izah etməyə çalışarkən daha da qəlizləşdirdiyi" klassik bir ictimaiyyətlə əlaqələr (PR) böhranıdır. İnsanlar narazılığında tamamilə haqlıdırlar; çünki ortada həm illərdir qapalı qalan quru sərhədləri var, həm də açıqlanan rəqəmlər və bəhanələr heç bir məntiqə sığmır. İndi də İsveçrə frankını atıblar ortaya. Sanki "Frank müəllim" yeganə qiymət tənzimləyicisidir – o nə deyirsə, odur. Qısası, Frank hoqqa çıxarır.
Frank məsələsi ilk baxışda gülünc və insanları dolamaq kimi görünsə də, hüquqi bir kökü var. Ancaq bu kök qiymət artımına əsla bəraət qazandırmır. Müstəqil Dövlətlər Birliyi (MDB) və region ölkələri arasında beynəlxalq dəmir yolu sərnişin daşımaları üzrə tariflər İsveçrə frankı bazasında hesablanır. Bu, sovet dövründən qalan və sonradan beynəlxalq müqavilələrlə tənzimlənən bir qaydadır – vaxtilə hər ölkə öz daxili valyutasını inflyasiyadan qorumaq üçün belə bir ortaq, stabil valyuta seçib. Bəs hoqqa işin harasındadır? Rəsmilər və bəzi jurnalistlərin dönə-dönə Frank məsələsini ortaya atmasının heç bir real əsası yoxdur. Manat İsveçrə frankı qarşısında son illərdə bilet qiymətlərini 2-3 qat artıracaq qədər dramatik bir dəyər itirməyib. Üstəlik, baza tarifi frankla müəyyən edilsə belə, hər iki ölkə (Azərbaycan və Gürcüstan) öz daxili seqmenti üçün xüsusi əmsallar və güzəştlər tətbiq edə bilər. Yəni qiyməti tənzimləmək tamamilə daxili qurumların əlindədir; günahı bütövlükdə frankın üstünə yıxmaq manipulyasiyadan başqa bir şey deyil.
Baxıram, ciddi cəhdlə "modernizasiya və sürət" kartından istifadə etməyə çalışırlar. Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) xətti yenidən qurulub, elektrikləşdirilib, yeni qatarlar alınıb. Dəmir Yollarının və bu iddiaları müdafiə etmək üçün dəridən-qabıqdan çıxanların arqumenti belədir: "Biz milyardlar xərcləmişik, infrastrukturumuz Avropa səviyyəsindədir, yeni qatarlar rahatdır, ona görə də xidmətin maya dəyəri yüksəkdir". Bəli, infrastrukturun yeniləndiyi faktdır. Ancaq sərnişin daşınması, hər şeydən əvvəl, sosialyönümlü bir sahə olmalıdır. Dünyanın heç bir yerində dəmir yolunun tikintisinə qoyulan milyardlıq investisiyanı sərnişinin bilet pulu ilə çıxarmağa çalışmırlar – bu, absurddur. Yolu dövlət öz büdcəsindən, yəni elə bu xalqın pulu ilə tikib, indi həmin yolu bəhanə edib bilet qiymətini şişirtmək tamamilə "biznes yarada bilməmək" acizliyidir.
Dəfələrlə Tiflisə qatarla getmişəm, Tiflis metrosundan istifadə etmişəm. Bərli-bəzəkli olmasa da, sərnişinləri vaxtında mənzil başına çatdırırlar. Onu qoyum, buna keçim. Bizimkilərin metroda yeni tətbiq etdiyi "qatarın gəlmə dəqiqəsini göstərən monitorları" hələ 10 il əvvəl Tiflisdə görmüşdüm. 10 il qabaq orada saniyə sıfırlananda qatar qarşında dayanırdı, bizdə isə qatarlar hələ də öz kefi ilə işləyir. Deyirlər, modernizasiya edilib, sürət qatarları alınıb. Yer haqqı, göy haqqı o vaxt da axşam Bakıdan qatara minib səhər Tiflisdə düşürdüm, baxıram indi də elə yazılıb. Bu necə sürətdi, bu necə modernizasiyadır?
İsveçrə frankı, Gürcüstanın şərtləri və "müasir yollar" nağılı sadəcə olaraq yüksək qiymət siyasətini və monopoliyanı gizlətmək üçün tapılmış bəhanələrdir. Dövlət strukturları sosial xidmət sahəsinə sırf kommersiya gözü ilə baxıb "maksimum qazanc" güdürlər. Nəticədə isə zərər çəkən hər zamankı kimi öz büdcəsinə qənaət etmək istəyən sadə vətəndaş olur. Sosial dövlət modelində sərnişindaşıma gəlir mənbəyi deyil, xalqa xidmətdir. Əgər bir xidmətin qiyməti alternativ variantların (məsələn, təyyarənin, avtobusun, və ya vaxtilə mövcud olan qiymətlərin) məntiqini alt-üst edirsə, üzdə boşboğazlıq, arxada isə ciddi vecsizlik var deməkdir.
Səxavət Məmməd

