Azərbaycan Xalq Cümhuriyyətinin sualtı qayıq və tank almaq istədiyini bilirdiniz?
Bu gün, 00:09

1920-ci il yanvarın 17-də İtaliyada işgüzar səfərdə olan general İbrahim ağa Usubova bildirildi ki, bu ölkə Azərbaycanı de-fakto tanıyır. Bu o demək idi ki, iki ölkə arasında daha sıx əlaqələr mümkündür.
Romada olarkən general sənayeçi-senator S.E.Konti ilə görüşmüşdü. İbrahim ağanın məqsədi Azərbaycan ordusu üçün paltar və silah almaq idi.
1920-ci ilin fevralında Kontinin başçılığı ilə 35 nəfərdən ibarət İtaliya nümayəndə heyəti Azərbaycana gəldi. Danışıqların sonunda saziş imzalandı. Sazişə əsasən Azərbaycan İtaliyadan çoxsaylı silah almalı idi. Maraqlıdır ki, bu sırada sualtı qayıq da vardı. AXC hökuməti 6 sualtı qayıq almaq fikrində idi.
İtalyanlar sualtı qayığın yaradılması üzərində hələ XVII əsrdən düşünməyə başlamışdılar. Bu məqsədlə məşhur fizik Covanni Borelli ciddi araşdırmalar aparmışdı. Birinci Dünya müharibəsində sualtı qayıq artıq real güc elementi sayılırdı. Həmin savaşda təxminən 600 sualtı qayıq iştirak edib. İnkişaf etmiş dünyadan geri qalmaq istəməyən AXC hökuməti də öz ordusunda bu silahı görmək niyyətində idi.
Bundan başqa, sazişə görə, 34 top, 12 hidroplan, 4 aeroplan, 5 tank, 20 zirehli maşın, eləcə də əsgərlər üçün geyim dəstlərinin alınması nəzərdə tutulurdu. Bəs həmin silahlar nəyin müqabilində verilirdi? Cavab sadədir - neftin!
Sazişdə neftin qiyməti də razılaşdırılmışdı. Neftin hər tonu üçün Azərbaycana 35 dollar ödəniləcəkdi. Məhz bu pulun hesabına da italyan məhsulları alına-caqdı. ABŞ-nin Əmək Statistikası Bürosunun məlu-matına görə, 1920-ci ilin 35 dolları 2025-ci il üçün təxminən 580 dollara bərabərdir. 159 litr neft isə 1 bareldir. Barellə götürdükdə belə çıxır ki, AXC neftin 1 barelini bugünkü hesablama ilə 90 dollara satacaqdı.
Bir sözlə, neftin satışı kifayət qədər yüksək qiymətə razılaşdırılmışdı.
İtalyanları maraqlandıran digər sərvətimiz ipək idi.
Milanda yerləşən ticarət evinin ipəkçilik üzrə eksperti Vittario Renmuvar öz şirkətləri üçün Şəkidən xeyli xam ipək almışdı. Azərbaycana səfər etmiş polkovnik M.Qabba da iqtisadi potensialımızı yüksək qiymətləndirmişdi. Hətta polkovnik İtaliya fəhlələrinin Azərbaycanda işləmələrinin mümkünlüyü barədə fikirlər səsləndirmişdi.
Ayaz İlyasov, "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt"
Milli Kimlik
TEREF

