Hörmətli Şahin müəllim, hər işıq gələn yeri qapatmağa çalışmayın – tutalım, kimsə özü üçün gətirdiyi malı satırsa, bunun Dövlətə nə ziyanı var?!

Bu gün, 12:51           
Hörmətli Şahin müəllim, hər işıq gələn yeri qapatmağa çalışmayın – tutalım, kimsə özü üçün gətirdiyi malı satırsa, bunun Dövlətə nə ziyanı var?!
İTV əməkdaşlarını təbrik edirəm – son zamanlar hökumət qurumlarının rəhbərləri, hakimiyyətin icra qolunun üzvləri ilə silsilə müsahibələr təşkil edir, bu çox yaxşıdır. Müsahibələr fakt olaraq yaxşıdır, məzmun olaraq isə...
Dünən İTV Dövlət Gömrük Komitəsinin sədri hörmətli Şahin Bağırov ilə geniş müsahibəni təqdim etdi. Şoxsaylı tezislər var idi, gəlin bir neçə bəyanatı araşdıraq və təhlil edək.
Əvvəla, Şahin müəllimə təşəkkür edirəm, İqtisadiyyat Naziri ilə əvvəlki müsahibəyə nisbətən daha canlı, daha maraqlı cavablar eşitdik.
Şahin müəllim, sitat: “Dövlət Gömrük Komitəsinə sahibkarlar tərəfindən daxil olan müraciət və şikayətlər əsasən gömrük dəyərləndirilməsi, malların təsnifatı və rəsmiləşdirmə prosesləri ilə bağlı olur”.
Cavab: Hörmətli Şahin müəllim, DGK-nin əsas işi də bəs budur da, ədalətli qiymətlətdirmə, malların təsnifatında iş adamlarının incidilməsi, təsnifatla bağlı məmurların müdaxiləsi (təsnifatın dəyişməsi rüsum ödənişlərinin həcminə ciddi təsir edir – bu elə əsas probledir), rəsmiləşdirmə zamanı iş adamlarının süründürülməsi varsa, şikayətlər bu məsələlərdəndirsə, deməli elə Gömrük orqanlarından məmnun deyillər.
Şahin müəllim, sitat: “Elektron ticarət imkanlarından istifadə zamanı qaydalara ciddi riayət olunmalıdır. Ayrı-ayrı şəxslər çoxlu sayda malları şəxsi istifadə adı altında ölkəyə gətirməyə cəhd edir və nəticədə gömrük nəzarətindən yayınmağa çalışırlar. 2025-ci ildə vətəndaşlar xaricdən online qaydada 501 mln. dollarlıq mal-məhsul alıb, bu böyük rəqəmdir, yaxın coğrafiyada yerləşən ölkələrin təcrübəsinə baxsaq, Azərbaycan vətəndaş yönümlü və sosial yönümlü elektron ticarətin dəstəklənməsi baxımından ön sıradadır”.
Cavab: Hörmətli Şahin müəllim, hər işıq gələn yeri qapatmağa çalışmayın – tutalım, kimsə özü üçün gətirdiyi malı satırsa, bunun Dövlətə nə ziyanı var?! Əksinə, bunu mikro-biznesə çevirmək üçün imkanlar genişləndirilməlidir, qarşısını almağa ehtiyac yoxdur. Yaxın qonşulara qalanda, hörmətli Şahin müəllim, bu sahədə də ön sırada deyilik - əhalisi bizdən 2,5 dəfə az olan Gürcüstanda 2025-ci ildə vətəndaşlar xaricdən online 1,9 mlrd. lari dəyərində, yəni, 718 mln. dollarlıq mal-məhsul sifariş verib alıblar. Ermənistanda son 5 ildə xaricdən olnine sifarişlər 9 dəfə artıb, keçən il bu rəqəm 361 mln. dollar olub, xatırladım ki, Ermənistanın əhalisi bizdən 4 dəfəyə yaxın azdır.
Şahin müəllim, sitat: “Azərbaycanda hibrid avtomobillərə tətbiq edilən gömrük güzəştlərinin qüvvədən düşməsi bu nəqliyyat vasitələrinin idxalına ciddi (“mənfi təsir” – bu mənim qeydimdir) təsir göstərib. İlin sonunda bu məsələyə yenidən baxıla bilər”.
Cavab: Hörmətli Şahin müəllim, axı çox aydın idi ki, hibrid avtomobillərini güzəştlər ləğv edilən kimi, ölkə idxalı azalacaq – bunun üçün alim olmaq lazım deyildi. Bu il xeyli azalma olacaq – hələlik gəlin 2026-cı ilin ilk 5 ayı ilə, 2025-ci ilin eyni dövrünü müqaisə edək: 2025-ci ilin yanvar-may aylarında ölkəyə 26 min 143 ədəd hibrid avtomobil idxal edilmişdi, 2026-cı ilin eyni dövründə isə 6 min 318 ədəd hibrid avtomobili idxal edilib – 4 dəfədən çox azalma var. Yəni, ilin sonunu niyə gözləyirsiniz ki, 2025-ci ildə 68 mindən çox hibrid avtomobil idxal edilmişdisə, bu templı götürsək, 2026-cı ildə 15 min civarında hibrid avtomobil idxal ediləcək. Qərar veriləcəksə, elə indi verilsin - niyə həmişə qulaqları kəsib sonra sayırıq ki, elə yerindəcə saymaq mümkündür.
Müsahibə 1 saatdan çoxdur, digər maraqlı məsələlər də var, çalışaram onlar haqqında da yazım...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru