Milli, ictimai məsələlərin tək günahkarı var - "Azərbaycanlı təfəkkürü".
Bu gün, 16:24

Müharibədən sonra çoxluğun şikayətləndiyi mövzulardan biri də dəyər məsələsidir. Təqribən belə səsləndirilir: "Heyif, o cür oğullardan, getdilər, döyüşdülər, dəyər verilmədi". Kim dəyər vermədi? Dövlət.
Dövlət insan deyil ki, kiməsə dəyər versin. Bəli, Qarabağ həm bizim faciəmiz, həm də tarixi şansımız idi. Biz bu şansı yalnız "torpaq, qələbə, ana-bajı" eyforiyasına qurban verməməliyik. Müharibənin sosial mahiyyətini ictimai dəyərə çevirməliyik. Yəni vətənpərvərlik sadəcə cəbhə aktı deyil, cəmiyyət aktıdır.
Dəyər nəyin əsasında formalaşır? Düşüncənin. Mən problemi şəxslərdə yox, yanaşma tərzində, təfəkkürdə görürəm. Mənə görə milli, ictimai məsələlərin tək günahkarı var - "Azərbaycanlı təfəkkürü".
Bu mövzuda da bizim yanlış düşüncəmiz var. Və bu düşüncə təkcə ucqar kənddə qoyun otaran sıravi azərbaycanlının sahib olduğu təfəkkür deyil, ümummilli düşüncəmizin məhsuludur. Təhsilimiz səviyyəsində təbliğ olunan nəsnədir.
Hər şeydə olduğu kimi, bu mövzuda da bizim sahib olduğumuz və bizə aşılanan fikirlərin 90%-i pafosdur. Vətənpərvərlik sadəcə vətən uğrunda ölmək, canını fəda etmək kimi təbliğ olunur. Sanki vətənpərvərlik yalnız müharibə olsa, olmalı olan bir yanaşma tərzidir. Müharibə yoxdursa, vətənpərvərlik də yoxdur. Bu səbəbdən də müharibə olanda hamı bir arada idi. Müharibə bitdi, yenə biz başladıq çapıb, talamağa, rüşvət verməyə, almağa və.s.
Bəs şəhidlər, qazilər? Onlar müharibə üçün lazım idi, oldu, bitdi. Bəs onların missiyası, mədəniyyət, toplumun sosial kimliyi? Onlar döyüşdü, ölkənin ərazi bütövlüyünü təmin etdi ki, yerdə qalanlar mədəniyyət yaratsın, o vətənpərvərliyi ictimai akta çevirsin, bu millətin sosial kimliyini formalaşdırsın, bütövləşdirsin, qorusun.
Ölkədə gerçək vətənpərvərliyin nə olduğunu bilən, düşünən, o şəhidlərin missiyasını anlayan nə qədər adam var? Altı il öncə şəhid tabutları altında əl çalan yüzminlərlə adamın neçəsi bu gün o şəhidlərin qapısını döyür?
Gedək, yüz iş adamının qapısını döyək, deyək ki, Qarabağdakı elmi resurslarla bağlı film çəkmək istəyirik, bizə dəstək verin. Neçəsi verəcək? Bizim vətənpərvərlik anlayışımız məhəllidir, məhduddur. Və o qələbənin müəlliflərini də o məhdud çərçivədə dəyərləndiririk.
Sənin dövlət dediyin sosial institutun müxtəlif orqanlarında təmsil olunan adamların heç bir vəzifəsi, səlahiyyəti olmayan sən azərbaycanlıdan düşüncə baxımından heç bir fərqi yoxdur. Eyni pafoslu vətənpərvərlik düşüncəsinə sahibdir.
Bir misal deyim, mən müharibədən sonra şəhidlərlə bağlı bir neçə layihədə iştirakçı və ya müşahidəçi olmuşam. Gözlərimlə gördüyümü deyirəm. O layihələrə əmək sərf edən adamlar nə nazirdir, nə deputatdır, nə başqa vəzifə sahibidir. Biri film sahəsində mütəxəssisdir, digəri bəstəkardır, başqa biri rəngsazdır, rəssamdır, biri dizaynerdir, digəri çap xidmətiylə məşğuldur və.s. Və bu layihələrdə əməyi olan onlarla belə adam var. Bu adamlar içərisində tək-tük, bir-iki adam tanıyıram ki, deyiblər, bu şəhid işidir, mən təmənna güdmürəm, sadəcə gördüyüm işin material xərci ödənilsin və ya layihə sahibinin könlündən nə keçir, onu versin.Və ya gördüyü işin ödənişini qəbul edib, üzərində bir əl işi də hədiyyə edib ki, bu da məndən olsun. Bəli, bu adamların 99%-i gördüyü işə sıradan iş kimi baxıb, hələ bəziləri başqa işlərdən artıq ödəniş tələb edib. Mən demirəm, almasınlar. İnsan əməyinin qarşılığını almalıdır. Amma bu adamların dəfələrlə kimlərəsə sifariş olmadan, təmənnasız iş gördüyünü də görmüşəm. Bir müğənniyə öz əl işini sifarişsiz hədiyyə etdiyini də.
Mən şəhid mərasimlərində mərasimdən sonra qadınların pıçhapıçla bir-birinə, "Görəsən, dövlət nə qədər pul verdi?" dediyini də öz qulaqlarımla eşitmişəm. Kişilərin şəhid atası haqqında, "Nə vecinə, on bir min alıb, qoyub yastığının altına, xərcləyir" dediyini də görmüşəm.
Mən nəvəsinə elçi gedib, qızı vermədikləri üçün qızın valideynlərini döyən şəhid valideynləri tanıyıram. Mən şəhid atası olduğu üçün sui-istifadə edən, ən uzaq qohumunu zənglə işə düzəldən, vəzifə adamlarına hədə-qorxu gəlib, qanunsuz ev tikdirən şəhid atası da tanıyıram. Kimsə inciməsin, mən borcludan borcu almaq üçün "razborka"lara gedən, söz kəsən, reketlik edən şəhid anası da tanıyıram. Mən oğlunun başdaşına yanlış şəkil qoyulduğu üçün öz hesabına daşı dəyişmək istəyən şəhid atasına, pulunu ver, mənim daş sexim var, orada dəyişək deyən məmur da tanıyıram. Mən arxa cəbhədə təlimlərdə olub, heç bir döyüş görməmiş, qazilik statusundan sağına-soluna istifadə edib, beş-altı yerdə obyekt açan, amma bütün günü ədalətdən dəm vuran qazilər də tanıyıram.
Bəli, bir oğul öz vətəninin, dövlətinin suverenliyi uğrunda qurban gedibsə, sağlamlığından olubsa, ona, onun ailəsinə maddi, mənəvi qayğı göstərmək dövlətin vəzifəsi və borcudur. Amma mənə görə, məsələnin maddi tərəfi də mənəvi baxış bucağından asılıdır. Bir məsələdə düşüncəmiz necədirsə, o mövzuda verdiyimiz dəyər də eyni ölçüdədir.
Vətənpərvərliklə bağlı düşüncəmiz necədirsə, bu yolda qurban gedənlərə verdiyimiz dəyər də eynidir. Bir ölkənin ki vətəndaşı evinə bazarlıq edəndə marketdə öz ölkəsində istehsal olunmayan məhsulları axtarırsa, o ölkədə vətənpərvərlikdən, dəyərdən danışmağa dəyməz. Bu, bizim bir-birimizə verdiyimiz dəyərin nəticəsidir.
Demək istədiyim budur ki, ucqar kənddə qoyun otaran azərbaycanlıyla, kolbasa sexində kolbasa hazırlayan, Milli Məclisdə vəkillik edən, nazirlikdə şöbə müdiri işləyən, məktəbdə müəllim, məsciddə molla olan azərbaycanlının sahib olduğu düşüncə tərzi eynidir, sadəcə imtiyazları fərqlidir. İcra başçısından şikayət edən sıravi vətəndaş özü də icra başçısı olsa, eyni şeyi edəcək.
İstisnalar varmı? Çox az sayda var.
Bunları ortadan qaldırmaq üçün milli təfəkkürümüzün dəyişməlidir.
Düşüncəyə çevrilməyən təhsil, hüquqa çevrilməyən qayda, ictimai şüura çevrilməyən vətənpərvərlik aktı əhəmiyyətsiz olur...
Sahib Altay

