Bir dəfə Cəfər Cabbarlını hansısa əsərinə görə haqsız tənqid edirlər.
Bu gün, 17:04

Cəfər dözməyib əsəbiləşir. Müşfiq də onun yanında olubmuş. Cəfərin bu halı Müşfiqi narahat edir. İclasdan sonra onu evlərinə getməyə qoymayıb bizə gətirmişdi. O salam verib mənim kefimi soruşdu. Mən də onun kefini soruşanda Müşfiq cavab verdi ki, dramaturqumuzun qanı qaradır. Kimsə Cəfərin əsərinin əsas fikrini başa düşmədən onu tənqid etdi. Mən süfrə hazırladım. Müşfiq Cəfəri fikrindən ovundurmaq üçün bilmirdi ki, nə etsin. O deyirdi: "Gərək biz hər deyilən sözə fikir verməyək. Tənqidin yaradıcılığımız üçün əhəmiyyətlisini qəbul edək" Sonra söhbətin məzmununu dəyişdirmək üçün Müşfiq klassiklərdən şeirlər deyir, bəzən də öz lirik şeirlərindən oxuyurdu. Cəfər Müşfiqə mehriban nəzər salıb dedi:
- Mən indi bildim ki, Müşfiq necə məni ürəkdən sevirmiş. Mən əsəbi halda iclasdan çıxanda Müşfiq məni tək buraxmadı, arxamca çıxdı. O, Müşfiqə öz təşəkkürünü bildirdi. Xeyli söhbət etdikdən sonra Müşfiq Cəfəri evlərinə ötürdü və evə çox fikirli qayıtdı. Mənə dedi:
- Dilbər, məni düşündürən tamam başqa şeydir. Cəfərin ürəyi xəstədir. Ona görə də mən onu qoruyuram. Əsəbiləşən vaxtı tək buraxmıram. Həkimlər ona dəyərli məsləhətlər verirlər, heç bilmirəm əməl edəcəkmi?
Sonra Müşfiq bu haqda evdə tez-tez söz saldı. Mən isə ona təsəlli olmaq üçün deyərdim: - Müşfiq, fikir eləmə, indi həkimlər hər xəstəliyi müalicə edirlər. Cəfəri də sağaldarlar. Nəhayət, Cəfər Cabbarlının qəfil ölüm xəbərinin Müşfiqə necə təsir etdiyini yazmaqda qələm acizdir...
Dilbər Axundzadə

