Kiber müharibə artıq dövlətlərin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsinə çevrilib.
Bu gün, 16:28

Təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təmin olunması, "Rəqəmsal Məktəb" layihəsinin tam tətbiqi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşdırılması və təhsil sənədlərinin elektronlaşdırılması istiqamətində ölkənin təhsil sistemi hələ də ciddi gerilik nümayiş etdirir.
Kimsə düşünürsə ki, bu sahələrin inkişaf etdirilməsi eyni zamanda kibertəhlükəsizliyin təmin edilməsi deməkdir, bu, doğru yanaşma deyil.
Ümumiyyətlə, kibertəhlükəsizliklə mübarizə aparmaq nə məktəblinin, nə müəllimin, nə də ayrıca bir məktəbin gücündə olan məsələdir. Bu, dövlət səviyyəsində qurulmalı, peşəkar kadrlar və müasir texnologiyalar üzərində formalaşdırılmalı olan strateji bir sahədir.
Bu gün bir çoxları hesab edir ki, parolu gizli saxlamaq, bank kartının məlumatlarını paylaşmamaq kibertəhlükəsizliklə mübarizə aparmaq deməkdir. Bunlar vacib təhlükəsizlik qaydaları olsa da, kibertəhlükəsizliyin yalnız ən sadə hissəsidir.
Reallıq isə tamam fərqlidir. Dünyanın aparıcı dövlətləri və texnologiya mərkəzləri hər gün, hətta hər saniyə yeni kiberhücum metodları, süni intellektə əsaslanan texnologiyalar, aşkarlanması çətin olan zərərli proqramlar və görünməz hücum mexanizmləri hazırlayır və tətbiq edirlər. Kiber müharibə artıq dövlətlərin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsinə çevrilib.
Belə bir şəraitdə kibertəhlükəsizliyi təsadüfi şəxslərə və ya kompüterdən müəyyən qədər anlayışı olan insanlara etibar etmək mümkün deyil. Adi proqramlardan istifadə etməyi bacaran şəxs kibertəhlükəsizlik mütəxəssisi hesab oluna bilməz.
Əsl kibertəhlükəsizlik mütəxəssisi sistemi hücum edən kimi düşünməyi bacaran, zəif nöqtələri hamıdan əvvəl görə bilən, mürəkkəb hücum ssenarilərini analiz edən və onları zərərsizləşdirən yüksək ixtisaslı peşəkardır. Başqa sözlə desək, yaxşı kibertəhlükəsizlik mütəxəssisi etik hakerdir-sistemi dağıtmaq qabiliyyətinə malik olsa da, həmin bilik və bacarığını onu qorumaq üçün istifadə edir.
Belə mütəxəssislərin hazırlanması isə uzun illər tələb edir.
Ədil Hüseynli
TEREF

