Ənginar(Artişok) bitkisi nədir?
Bu gün, 12:58

Ənginar bitkisi 5000 ildən artıq bir vaxtdır ki, insanlara məlumdur.
Onun haqqında min illərdir əfsanələr söylənilir, şəfaverici xüsusiyyətləri haqqında tarixçilər və təbiətşünaslar tərəfindən məlumatlar yazılıb, rəsmləri çəkilib.
Bu gün də alimlər tərəfindən ənginardan müalicəvi dərmanlar alınıb və müvəffəqiyyətlə istifadə edilir.
Ənginarın qurudulmuş yarpaqları, çiçəkləri, kökü, toxumları və şirəsi- qaraciyər hüceyrələrini bərpa edir, onları toksinlərdən qoruyur, zərərli maddələrdən təmizləyir, maddələr mübadiləsini tənzimləyir, tərkibində olan sinarin aterosklerozun inkişafının qarşısını alır.
Sinarinin eyni zamanda ödqovucu
və sidikqovucu təsiri var, ən güclü təbii antioksidantdır.
C vitamini ilə birlikdə sərbəst radikalların fəaliyyətini neytrallaşdırır, vaxtından əvvəl yaşlanmanın, ürək-damar xəstəliklərinin və xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır, qan təzyiqi, diabet xəstəliyinin kompleks müalicəsində, cinsi fəallığının artırılmasında dərman bitkisi kimi istifadə edilir.
Çoxillik, göy – yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir.
Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir.
Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir.
Ənginarın ilk elmi təsviri Teofrasta aiddir.
Ənginarın tarixi, adının mənşəyi
və miflər haqqında bəzi məlumatlar:
"F.A. Brokqauz və İ.A. Efrona görə: artişok (yəni Ənginar) Ərəb sözü olan "ardi-schauki” sözündən alınıb.Yunan dilində Cynara adlanan bu bitkinin elə həmin dildə mənasının "κύον”, yəni "köpək” demək olduğu yazılır. Çünki onun ləçəkləri köpək dişinə bənzədiyi və tikanlı olduğuna görə həm də əli cızdığı üçün Yunan d. "κνάω”, yəni "cızmaq”, "scolymus” və ya "σκώλος” kimi tələffüz edilən "tikan” sözünə bənzəyir.
Ənginar və onun müalicəvi faydaları
Ənginar(latın d. Cȳnara) — Asteraceae bitki ailəsinə mənsubdur. Rus d. olan mənbələrə görə; «артишок» sözü İngilis d. olan artichoke, İtalyan d. olan articicco, carciofo sözündən götürülüb ki, o da öz kökünü Ərəb sözü olan al-khurshūf (الخرشوف) sözündən almışdır.
Qədim Yunanıstanda çox populyar
olan bu bitkiyə əfsanə və miflər qoşulub.
O,əfsanələrdən biri Zevsla və ona itaət etməyən sevgilisi ilə bağlıdır. Romada varlıların qidası sayılan ənginar, adətən, günəşli yerlərdə bitər. Egey əfsanələrinə və şair Kvintu Qorasiya Flakkaya görə Ənginar Zinara adasında yaşayan Kinara adlı gənc bir qız olub. Əfsanədə söylənilir ki, Zevs qardaşı Poseydonun qonağı olarkən sahildə gəzişən gözəl və gənc qız Kinaranı görür. Zevs çox uzun müddət bu gözəl qızı ona yaxınlaşmadan seyr edir. Amma Kinara Zevsdan çəkinib qorxmadan onu yoldan çıxarır. Baş Tanrı qızın gözəlliyinə o qədər məftun olur ki, ona özü ilə birgə Olimpdə yaşamağı təklif edir. Kinara bu təkliflə razılaşır. Bir gün qız öz anası və evləri üçün darıxır və icazəsiz olaraq öz əzizlərini və insanları ölümlü dünyada ziyarətə gedir. Kinara qayıtdıqda çox əsəbləşmiş Zevs onu itələyir, qız yıxılır və həmin an heç vaxt yer üzündə görünməmiş olan Ənginar bitkisi bitir.
Deyilənə görə, bu əfsanə məhşur Roma şairi Qorasi (e.ə. 65–8) tərəfindən qələmə alınıb. Həmin mif F. Rablenin (1494-1553) "Qarqantua və Pantaqruel”romanında da verilib.
Ənginar və onun müalicəvi faydaları
İnsan sağlamlığı üçün çox faydalı olan qidalardan biri də ənginardır.
Xalq təbabətində ənginarın qurudulmuş yarpaqlarından, çiçəklərindən, kökündən və toxumlarından çay kimi dəmləyib, ürək xəstəliklərində sakitləşdirici və qan təzyiqini azaldıcı dərman kimi istifadə edirlər.
Bundan başqa xalq təbabətində o, şəkər xəstəliyinə qarşı da işlədilir. Ənginarın təzə toplanmış yerüstü hissələrindən alınan şirəni üzüm şərabı ilə qarışdırıb, sinqa və digər avitaminoz xəstəliklərinə tutulanlara gündə 3 – 4 dəfə, hər dəfə yarım stəkan içirirlər.
Türkiyəli mütəxəssis Dəniz Şafak güclü antioksidan olan ənginarın bahar aylarında istifadə edilməyinin faydalarından bəhs edib.
Ənginar, həzm sisteminin funksiyalarını sürətləndirir.
Yüksək lif tərkiblidir.
100 qramında sadəcə 67 kalori mövcuddur. Tox tutma xüsusiyyəti ilə pəhrizdə olanların əsas köməkçisidir.
Bağırsaq sistemini tənzimləyir.Vücuddan spirtli içkilərin təsirinin uzaqlaşdırılmasına kömək edir.
Həmçinin vücudda yağ toplanmasının qarşısını alır.
Uzun illərdir aparılan bir çox araşdırmalar, ənginarın ürək, mədə sağlamlığını qoruduğunu təsbit ediblər.
Nəzərinizə çatdıraq ki, ənginarın yarpaqları ən az içi qədər faydalıdır.
Hüceyrələri yeniləyir,yorğunluq hissini azaldır,vücuddan toksinləri atır.
Ənginar yüksək qan təzyiqi olanlar
üçün təbii dərmandır. Bu birkidən müntəzəm istifadə etməklə qan təzyiqini normada saxlamazq mümkündür.
Qədim Yunanstanda ənginardan cinsi fəallığın artırılması məqsədi ilə istifadə ediblər.
Elə bir çox Avropa ölkələrində də toy mərasimlərində ailə quran cütlüyün masasına ənginar qoyulur.
Ənginarın cinsi həvəsi artırmaq, potensiyanı gücləndirmək xüsusiyyətlərinə görə bu bitkiyə həm də “sevgi bəhrəsi” də deyilir.
Mədə xorası, mədə şirəsinin turşuluq dərəcəsi aşağı olanlar ənginardan məhdudiyyətlə istifadə etməlidirlər.
B1, B2, B6 vitaminləri ilə zəngindir.
Ancaq ənginarı uzunmüddət bişirmək düzgün deyil. Uzunmüddət istiyə məruz qalarsa tərkibindəki vitaminlər məhv olur.
Ənginar az yağlı formada bişirilməlidir.


