Azərbaycanla Özbəkistan arasında münasibətlər son illərdə niyə sürətlə inkişaf edir.

Bu gün, 00:01           
Azərbaycanla Özbəkistan arasında münasibətlər son illərdə niyə sürətlə inkişaf edir.
Əvvəllər daha çox mədəni-humanitar əlaqələr, qarşılıqlı səfərlər və diplomatik münasibətlərlə xarakterizə olunan əməkdaşlıq artıq başqa mərhələyə keçib.
Bəs bu yaxınlaşma niyə məhz indi bu qədər sürətlə gedir? Azərbaycan və Özbəkistanı bir-birinə bağlayan əsas amillər hansılardır? Və ən əsası, bu prosesin arxasında daha hansı amillər var?
Azərbaycanla Özbəkistan xalqları arasında əlaqələr müasir dövlətlərdən xeyli əvvələ gedib çıxır. Dil, mədəniyyət, ədəbiyyat, ticarət və İslam sivilizasiyası çərçivəsində Azərbaycanla Mərkəzi Asiya, xüsusilə də indiki Özbəkistan əraziləri arasında tarixi bağlar mövcud olub.
Müasir diplomatik münasibətlərin əsası isə 2 oktyabr 1995-ci ildə qoyulub. Həmin tarixdə Azərbaycan və Özbəkistan diplomatik münasibətlər qurub. Azərbaycanın Daşkənddəki səfirliyi 1996-cı ildə, Özbəkistanın Bakıdakı səfirliyi isə 1998-ci ildə fəaliyyətə başlayıb.
1990-cı illərdə münasibətlər indiki səviyyədə deyildi. Heydər Əliyev və İslam Kərimovun hakimiyyəti illərində iki ölkə arasında siyasi əlaqələrin əsası qoyuldu. 1997-ci ildə hərtərəfli əməkdaşlıq haqqında bəyannamə, 2004-cü ildə isə strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında bəyannamə imzalandı.
Əsl böyük dönüş isə Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra baş verdi.
İslam Kərimov dövründə Özbəkistan daha qapalı, ehtiyatlı və öz suverenliyinə son dərəcə həssas xarici siyasət yürüdən keçmiş MDB ölkələrindən biri idi. Mirziyoyev isə 2016-cı ildən sonra ölkəni daha açıq iqtisadi və diplomatik sistemə çıxarmağa başladı. Mərkəzi Asiya ölkələri ilə əlaqələr gücləndirildi, Türkiyə ilə münasibətlər yaxşılaşdırıldı, Rusiya və Çinlə iqtisadi əməkdaşlıq genişləndirildi, Qərblə əlaqələr üçün də yeni imkanlar yarandı.
Bu siyasət beynəlxalq münasibətlər üzrə araşdırmalarda çox vaxt “multi-vector”, yəni çoxvektorlu xarici siyasət kimi xarakterizə edilir. Daşkənd özünü yalnız Rusiyanın, Çinin, Türkiyənin və ya Qərbin siyasi orbitinə bağlamaq istəmir. Əksinə, müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər quraraq manevr imkanlarını genişləndirməyə çalışır.
Məhz bu məqam Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü mahiyyətini anlamaq baxımından xüsusilə əhəmiyyətlidir.
Yaxınlaşma nə vaxt sürətləndi?
Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin son illərdə sürətlə inkişaf etməsində 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması mühüm mərhələ oldu.
Bu, sadəcə iki prezidentin görüşü üçün yaradılmış mexanizm deyildi. Şura münasibətlərin müxtəlif istiqamətlər üzrə institusional şəkildə idarə olunmasına imkan verən yeni platforma idi.
2024-cü ilin avqustunda Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı. Bununla da münasibətlər tamamilə yeni siyasi mərhələyə keçdi.
2025-ci ildə isə Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı Ali Dövlətlərarası Şuranın ikinci iclası Bakıda keçirildi. Tərəflər müttəfiqlik münasibətlərinin praktiki icrasına yönəlmiş yeni sənədlər imzaladılar. Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, təhsil, gömrük, ekologiya, sosial müdafiə və digər sahələr üzrə əməkdaşlıq gündəmə gətirildi.
2025–2029-cu illər üçün Müttəfiqlik Müqaviləsinin həyata keçirilməsi üzrə “Yol xəritəsi”nin qəbul edilməsi isə münasibətlərin mahiyyətini yaxşı ifadə edir. Artıq söhbət yalnız “qardaş ölkələrik” deməkdən getmir. Tərəflər konkret iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və siyasi layihələr həyata keçirməyə çalışırlar.
Rəqəmlər nə deyir?
Azərbaycan-Özbəkistan münasibətlərinin sürətlə inkişaf etdiyini iqtisadi göstəricilər də müəyyən qədər təsdiqləyir.
Özbəkistanın rəsmi statistikasında Azərbaycanla ticarət dövriyyəsi 2025-ci ildə təxminən 300 milyon dollara yaxın göstərilir. 2026-cı ilin ilk 6 ayında isə bu göstərici 170 milyon dollara yaxın təşkil edib. Özbəkistan tərəfi isə 2030-cu ilə qədər qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq məqsədi qoyub.
Azərbaycan mənbələrində isə 2025-ci il üzrə daha yüksək - 780 milyon dollara yaxın rəqəm göstərilir və bunun 2024-cü illə müqayisədə üç dəfədən çox artımdır.
Rəqəmlər arasında fərq olsa da, əsas tendensiya dəyişmir - iki ölkə arasında ticarət artır və tərəflər bunu daha yüksək səviyyəyə çıxarmaqda maraqlıdır.
Özbəkistan niyə Azərbaycana bu qədər yaxınlaşır?
Bu sualın bir neçə cavabı var. Lakin ən vacib səbəblərdən biri Rusiyadır. Daha dəqiq desək, Özbəkistan Rusiyadan tam qopmaq istəmir, amma Rusiyadan həddindən artıq asılı vəziyyətdə qalmaq da istəmir.
Özbəkistan Rusiyanı düşmən elan etmir. Əksinə, Moskva Daşkənd üçün hələ də böyük iqtisadi tərəfdaş olaraq qalır. 2025-ci ildə Özbəkistan-Rusiya ticarət dövriyyəsi 13 milyard dollara çatıb.
Bundan başqa, Rusiya Özbəkistanda böyük enerji layihələri həyata keçirir. Bu il Rusiyanın “Rosatom” korporasiyasının iştirakı ilə Özbəkistanda nüvə elektrik stansiyasının tikintisinə başlanılıb. Layihənin ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 15 faizini qarşılaması gözlənilir.
Deməli, Daşkənd Rusiyanı itirmək istəmir. Ancaq eyni zamanda özünün Rusiyadan asılılığını azaltmaq üçün alternativlər də axtarır.
Təbii ki, Azərbaycan həmin alternativlərdən biridir.
Elə isə Azərbaycan Özbəkistana nə verir? Burada Azərbaycanın ən böyük üstünlüyü coğrafiyadır. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur. Azərbaycan isə Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit mövqeyə malikdir.
Sadə şəkildə desək -Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa.
Bu, Orta Dəhlizin əsas istiqamətlərindən biridir. Özbəkistan üçün bunun əhəmiyyəti böyükdür. Çünki Daşkənd məhsullarının və yüklərinin Qərbə çıxarılması üçün yalnız Rusiya istiqamətindən asılı qalmaq istəmir.
Azərbaycan isə Xəzər üzərindən Qərbə çıxış üçün mühüm nəqliyyat imkanları təqdim edir. Bu, ilk baxışdan nəqliyyat məsələsi kimi görünə bilər. Əslində isə məsələ daha böyükdür. Bu, geosiyasətdir.
Azərbaycan üçün Özbəkistan niyə lazımdır?
Təbii ki, bu münasibətlər yalnız Özbəkistanın maraqları ilə izah olunmamalıdır. Azərbaycanın da Daşkəndlə yaxınlaşmaq üçün kifayət qədər ciddi səbəbləri var.
Azərbaycan son illərdə özünü yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, Xəzər ilə Mərkəzi Asiya arasında mühüm siyasi və logistika mərkəzlərindən biri kimi mövqeləndirməyə çalışır. Bu baxımdan Özbəkistan Azərbaycanın regiondakı əsas tərəfdaşlarından biri ola bilər. 37 milyondan çox əhalisi olan Özbəkistan böyük daxili bazara, sənaye potensialına və əmək resurslarına malikdir. Azərbaycan üçün isə Özbəkistanla münasibətlərin inkişafı sadəcə bir ölkə ilə ticarətin artırılması deyil. Bu, Mərkəzi Asiyanın böyük hissəsinə iqtisadi və siyasi çıxış imkanlarının genişlənməsi deməkdir.
Azərbaycan üçün Özbəkistanın əhəmiyyəti yalnız iqtisadiyyatla məhdudlaşmır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür və bu platformada əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Son illərdə Türk dünyası anlayışı da əvvəlki dövrlərdən fərqli məzmun almağa başlayıb. Söhbət artıq yalnız ortaq tarixdən, dildən və mədəniyyətdən getmir. Nəqliyyat, ticarət, enerji, investisiya və iqtisadi əlaqələr də bu əməkdaşlığın əsas istiqamətlərinə çevrilir.
Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının daxilində gedən daha böyük prosesin də bir hissəsidir.
Özbəkistan Mərkəzi Asiyanın “açar ölkəsi”dir. Qazaxıstan böyük əraziyə və enerji resurslarına, Türkmənistan isə böyük enerji ehtiyatlarına malikdir. Özbəkistanı fərqləndirən isə başqa amillərdir-əhali, sənaye, əmək resursları, daxili bazar və Mərkəzi Asiyanın mərkəzində yerləşməsi.
Buna görə Azərbaycan üçün Özbəkistanla münasibətlərin inkişafı yalnız ikitərəfli ticarət məsələsi deyil. Bu münasibətlər Azərbaycanın Mərkəzi Asiyada siyasi və iqtisadi mövcudluğunu artırmaq baxımından da əhəmiyyətlidir.
Maraqlı üçbucaq-Rusiya-Azərbaycan-Özbəkistan
Bu üç ölkə arasında münasibətlərə birlikdə baxdıqda daha maraqlı mənzərə yaranır. Rusiya-Özbəkistan əlaqələri kifayət qədər genişdir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 13 milyard dollara çatıb. Rusiya Özbəkistan üçün əmək bazarı, enerji, investisiya, sənaye və təhlükəsizlik baxımından mühüm tərəfdaş olaraq qalır.
Rusiya-Azərbaycan münasibətləri isə daha mürəkkəb xarakter daşıyır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,92 milyard dollar olub. Bununla belə, son illərdə siyasi münasibətlərdə ciddi gərginlik də yaranıb.
Xüsusilə 2024-cü ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğraması və 38 nəfərin həlak olması Azərbaycan–Rusiya münasibətlərinə ciddi təsir göstərdi. 2025-ci ildə Moskva da Bakı ilə münasibətlərdə “çətin dövr” yaşandığını etiraf etdi.
2026-cı ilin ilk yarısında Azərbaycan-Rusiya ticarətinin 31,4 faiz azalaraq 1,73 milyard dollara düşməsi də diqqət çəkən göstəricilərdən biridir.
Deməli, ortada hansı mənzərə yaranır?
Özbəkistan Rusiyadan qaçmır. Azərbaycan da Rusiyadan tam uzaqlaşmır. Ancaq hər iki ölkə xarici siyasətində alternativlərin sayını artırmağa çalışır. Moskva ilə münasibətləri saxla, Pekinlə əlaqələri artır, Ankara ilə yaxınlaş, Avropa və Qərblə əlaqələri qoruyub saxla, Türk dünyası ilə əməkdaşlığı gücləndir.
Bu siyasətin əsas mahiyyəti bir ölkənin digərinin yerinə qoyulması deyil. Yəni söhbət Rusiyanın yerinə Azərbaycanı qoymaqdan getmir. Əsas məqsəd böyük güclərdən hər hansı birindən həddindən artıq asılı vəziyyətə düşməməkdir. Bu baxımdan Özbəkistanın xarici siyasətini strateji muxtariyyətini qorumağa çalışan çoxvektorlu siyasət kimi qiymətləndirmək olar.
Daşkənd Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından faydalanır, Çinlə iqtisadi əlaqələrini artırır, Türkiyə ilə strateji yaxınlaşır, Türk Dövlətləri Təşkilatında fəallaşır, Avropa və ABŞ-la əlaqələrini saxlayır, Mərkəzi Asiyada regional çəkisini artırmağa çalışır və Azərbaycan vasitəsilə Xəzər və Avropa istiqamətində imkanlarını genişləndirir. Özbəkistan üçün Azərbaycan bir növ geosiyasi körpü rolunu oynayır.
Azərbaycan üçün isə - Xəzər-Özbəkistan-Mərkəzi Asiya istiqaməti regiondakı mövqeyini genişləndirən xəttdir.
Beləliklə, iki ölkənin maraqları bir neçə istiqamətdə üst-üstə düşür.
Bu yaxınlaşmanı yalnız “qardaşlıq”la izah etmək olarmı? Əlbəttə, iki xalq arasında dil, tarix, mədəniyyət və ortaq türk kökləri siyasi yaxınlaşmanı asanlaşdırır.
Amma dövlətlərarası münasibətlərin bu qədər sürətlə inkişaf etməsini yalnız qardaşlıq amili ilə izah etmək doğru olmaz.
Burada konkret dövlət maraqları var. Özbəkistan Azərbaycana ona görə ehtiyac duyur ki, Azərbaycan Xəzər üzərindən Avropaya çıxış imkanları yaradır, Türkiyə və Avropa bazarlarına gedən yolların diversifikasiyasına kömək edir, Orta Dəhlizin mühüm hissəsidir və Türk dünyası ilə əlaqələrin genişləndirilməsi üçün imkan yaradır.
Azərbaycan üçün isə Özbəkistan böyük daxili bazarı, sənaye və investisiya imkanları, Mərkəzi Asiyadakı mövqeyi və Türk dünyasındakı çəkisi ilə əhəmiyyətlidir.
Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə sürətlə inkişafına Rusiya-Ukrayna müharibəsinin də dolayı təsir etdiyini düşünmək olar. 2022-ci ildən sonra Avrasiyanın nəqliyyat xəritəsində ciddi dəyişikliklər baş verib. Rusiya üzərindən Avropaya gedən bəzi marşrutların siyasi və iqtisadi riskləri artdı. Nəticədə Çin və Mərkəzi Asiyadan Xəzər üzərindən Azərbaycan, daha sonra Türkiyə və Avropaya uzanan xəttin əhəmiyyəti artdı. Bu vəziyyət Azərbaycanı da, Özbəkistanı da bir-biri üçün əvvəlkindən daha vacib tərəfdaşa çevirir.
Azərbaycan-Özbəkistan yaxınlaşmasının arxasında yalnız iki ölkənin qardaşlıq münasibətləri dayanmır. Burada iqtisadi maraqlar, Orta Dəhliz, Türk dünyası, Mərkəzi Asiyanın artan geosiyasi əhəmiyyəti, Rusiya amili, Çinlə münasibətlər, Türkiyə faktoru və Avropaya çıxış kimi çoxsaylı səbəblər var.
Özbəkistan Rusiyadan çıxıb Azərbaycanın “qucağına girmir”. Azərbaycan da Rusiyadan tamamilə uzaqlaşıb Özbəkistanın tərəfinə keçmir. Əslində, hər iki ölkə böyük güclər arasında öz manevr imkanlarını artırmağa, alternativ iqtisadi və nəqliyyat yolları yaratmağa və xarici siyasətdə daha çox seçim əldə etməyə çalışır.
Bu mənada Azərbaycan-Özbəkistan yaxınlaşması daha böyük prosesin bir hissəsidir.
Ədil Hüseynli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]