Nağdsız ödənişlər artsa da, hər kəs nağd pul xərcləyir:

Bu gün, 00:11           
Nağdsız ödənişlər artsa da, hər kəs nağd pul xərcləyir:
Nağdsız ödənişlərin artmasına baxmayaraq, Azərbaycanda nağd pula tələbatın hələ də yüksək olmasının əsas iqtisadi səbəbləri nələrdir?

Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, Azərbaycanda nağd pula tələbatın yüksək qalmasının əsas səbəblərindən biri iqtisadiyyatda nağd hesablaşmaların hələ də əhəmiyyətli paya malik olmasıdır.

Onun sözlərinə görə, xüsusilə kiçik ticarət, xidmət, kənd təsərrüfatı və fərdi sahibkarlıq sahələrində nağd ödənişlərdən istifadə geniş yayılıb. Bəzi hallarda həm satıcı, həm də alıcı nağd hesablaşmanı daha rahat və sürətli hesab edir.

Digər mühüm amilin əhalinin maliyyə davranışları və vərdişləri olduğunu qeyd edən iqtisadçı bildirib ki, kart və mobil ödənişlərin sürətlə artmasına baxmayaraq, müəyyən yaş qruplarında və regionlarda nağd pula üstünlük hələ də yüksəkdir. İnsanların gündəlik xərclərini nağd pulla idarə etməsi həm də psixoloji və ənənəvi vərdişlərlə bağlıdır.

Akif Nəsirli qeyd edib ki, kölgə iqtisadiyyatı və gəlirlərin bir hissəsinin rəsmi dövriyyədən kənarda qalması da nağda tələbi artıran amillərdəndir. Nağd pul bəzi hallarda gəlirlərin və əməliyyatların daha az görünən formada həyata keçirilməsinə imkan verir. Buna görə də iqtisadiyyatda rəsmiləşməyən əməliyyatların mövcudluğu nağd pula tələbi tam aradan qaldırmağa imkan vermir.

İqtisadçının sözlərinə görə, bundan başqa, nağd pul inflyasiya və iqtisadi qeyri-müəyyənlik şəraitində insanlar üçün likvid və əlçatan vəsait hesab olunur. Əhali gündəlik xərclər, gözlənilməz ödənişlər və kiçik məbləğli alışlar üçün müəyyən miqdarda nağd pul saxlamağa üstünlük verə bilər.

“Nağdsız ödənişlərin artması əslində nağd pula tələbin mütləq azalacağı anlamına gəlmir. Azərbaycanda iqtisadi aktivlik, istehlak və pul dövriyyəsi artdıqca həm kart və elektron ödənişlərin, həm də müəyyən həcmdə nağd pul tələbinin artması mümkündür. Burada əsas məsələ nağd pulun tamamilə aradan qalxması deyil, iqtisadiyyatda nağdsız ödənişlərin payının davamlı şəkildə yüksəlməsidir”, – deyə Akif Nəsirli bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]