Qanunsuz mərc şəbəkəsi ifşa olundu: Futbol klubu və şirkətlər müsadirə edildi
17-02-2026, 12:18

Qanunsuz mərc əməliyyatında 3 şirkət və 1 futbol klubu müsadirə edilib.
Referans Media xəbər verir ki, İstanbul mərkəzli qanunsuz mərc əməliyyatı çərçivəsində Ankara, İzmir, Hatay və Diyarbəkir şəhərlərində eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyat nəticəsində 8 nəfər saxlanılıb, 3 şirkət və Diyarbəkirspor futbol klubu müsadirə edilib.
İstanbul Polis İdarəsi Kiber Cinayətlər Şöbəsi, İstanbul Anadolu Respublika Prokurorluğunun koordinasiyasında və MASAK tərəfindən hazırlanmış hesabat əsasında əməliyyat həyata keçirib. Araşdırmalar zamanı müəyyən olunub ki, bir futbol klubunun keçmiş prezidenti və rəhbərləri qanunsuz mərc saytının sahibi olub və bu fəaliyyətlərdən əldə olunan gəlirləri bəzi futbol klubları vasitəsilə yuyublar.
Qanunsuz mərc təşkilatından əldə olunan gəlirlərin, həmin futbol klubunun mühasibi və bəzi işçilərinin banka hesabları vasitəsilə klub hesabına köçürüldüyü müəyyən edilib.
Bu çərçivədə İstanbul mərkəzli Ankara, İzmir, Hatay və Diyarbəkirdə müəyyən edilmiş ünvanlara eyni vaxtda əməliyyat keçirilib və 8 şübhəli saxlanılıb.
Əməliyyat zamanı 3 şirkət, Diyarbəkirspor futbol klubu, 6 avtomobil, 3 motosiklet, 7 mənzil, 6 torpaq sahəsi və 1 işyeri müvəqqəti olaraq ələ keçirilib. Aparılan axtarışlarda çoxsaylı rəqəmsal materiallar da ələ keçirilib. Saxlanılan şübhəlilərlə bağlı istintaq davam etdirilir.

