Azərbaycan xalqının daha bir cəlladı - Teymur Quliyev

Bu gün, 00:07           
Azərbaycan xalqının daha bir cəlladı - Teymur Quliyev
Rəsmi arxiv sənədlərinə əsaslansaq, əli konkret olaraq 2792 nəfərin qanına batan Teymur Quliyev, eyni zamanda 4425 nəfərin uzunmüddətli azadlıqdan məhrum edilməsinə səbəb olub.
Bəli, o, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, yəni baş nazir, o cümlədən Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasının sədri olan Teymur Quliyevdir.
Başqa sözlə, 1937-ci ildə birbaşa güllələnmə və sürgün hökmlərini çıxarmaq üçün qurulan rəsmi "üçlüyün" biri, elə ən qəddarıdır.
Ona görə qəddar ki, şəxsi hisslərdən, əməllərdən çıxarılan nəticələrə əsasən, onun bu həbs və qətliamları həm də əmrdən əlavə şəxsi istəyi ilə etdiyini demək olar.
Nə bilmək olar, bəlkə də, o, bütün bunlardan zövq alırmış?
Şübhəsiz, Teymur Quliyev bu posta birdən-birə gəlməmişdi. Buna qədər o, bir xeyli cinayətlərə də imza atıb.
Quliyev 1920-ci ildən sovet təhlükəsizlik orqanlarında çalışmış, əvvəlcə Azərbaycan ÇK-sında, daha sonra GPU sistemində müxtəlif vəzifələr tutmuşdu.
1934–1936-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin Xüsusi Kollegiyasına rəhbərlik etmiş, 1936-cı ildən isə Respublika Ali Məhkəməsinin sədri olmuşdu.
Yəni 1937-ci ildə artıq Quliyev sıradan dövlət məmuru deyildi, repressiya aparatının hüquqi-siyasi strukturlarında artıq mühüm təcrübəyə malik yüksək vəzifəli şəxs idi.
Bəs maraqlıdır, bu üçlük necə yaranmışdı?
1937-ci ilin yayında Stalin rejimi “keçmiş qolçomaqların, cinayətkarların və digər antisovet elementlərin repressiyası” adı altında genişmiqyaslı əməliyyata başladı.
Bunun hüquqi-inzibati bazasını NKVD-nin 30 iyul 1937-ci il tarixli 00447 saylı əmri təşkil edirdi.
Bu əmrin ən dəhşətli xüsusiyyətlərindən biri repressiyanın adi məhkəmə prosedurundan çıxarılması idi.
İşə baxılan şəxsin məhkəməyə gətirilməsi tələb olunmurdu. Vəkil yox idi. Normal məhkəmə çəkişməsi yox idi. Təqsirləndirilən şəxsin özünü müdafiə etmək imkanı da yox idi.
NKVD-nin hazırladığı materiallar əsasında “üçlük” şəxsi ya birinci kateqoriyaya, yəni güllələnməyə, ya da ikinci kateqoriyaya-uzunmüddətli düşərgə həbsinə aid edə bilirdi.
Azərbaycan üçün ilkin “üçlük” xüsusi olaraq müəyyən edilmişdi.
10 iyul 1937-ci ildə Moskvada təsdiqlənən tərkibdə NKVD-nin Azərbaycan üzrə rəhbəri Yuvelian Sumbatov Topyuridze, Azərbaycan SSR Ali Məhkəməsinin sədri Teymur Quliyev və Azərbaycan KP(b) MK-nın nümayəndəsi Cahangir Axundzadə vardı. Bu tərkib Politbüro qərarı və NKVD-nin 00447 saylı əmri ilə rəsmiləşdirilmişdi.
Başqa sözlə, Teymur Quliyev həmin mexanizmin təsadüfi iştirakçısı deyildi. O, üçlüyün hüquq-məhkəmə sistemini təmsil edən əsas üzvü idi.
Sözügedən məsələlərdə həbs və güllələnmə sayının bu qədər çox olmasında bir dəhşətli məqam da var, o da bu rəqəmlərin əvvəlcədən müəyyənləşdirilmiş olmağıdır.
Bu, sistemə görə minlərlə günahsız insanın da bir göz qırpımında məhv edilməsi demək idi.
Proses belə idi ki, əvvəlcə “antisovet elementlərin” sayı müəyyənləşdirilir, sonra yerli rəhbərlik əlavə “limit” istəyirdi.
Bundan başqa onu da demək olar ki, 1937-ci ildə Mir Cəfər Bağırov da Azərbaycan üzrə 5250 nəfərin repressiya edilməsinə icazə istəmişdi.
Bu icazədə 1500 nəfərin birinci kateqoriya üzrə, yəni güllələnməsi nəzərdə tutulurdu.
Siyahıya “cinayətkarlar”, sürgündən qayıtmış qolçomaqlar, keçmiş müsavatçılar, ittihadçılar, daşnaklar, ruhanilər, bəylər, keçmiş mülkədarlar və digər qruplar daxil edilmişdi.
Moskva da adəti üzrə bu təklifi təsdiqləmişdi.
Teymur Quliyev o qədər dəhşətli insan idi ki, 1937-ci ilin noyabrında, konkret olaraq terrorun ən qızğın mərhələsində Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri təyin edildi. Yəni repressiya mexanizminin içində olan Ali Məhkəmə sədrinin siyasi karyerası zəifləmədi, əksinə, yüksəldi.
O, 1937-ci il noyabrın 13-dən etibarən respublika hökumətinə rəhbərlik etməyə başladı.
Bunun əsas səbəbi isə Mircəfər Bağırovun Teymur Quliyevin repressiya fəaliyyətindən məmnun qalması idi.
Bütün bunlara baxmayaraq, o, uzun müddət özü xidmət etdiyi sistemin repressiyasından yayınmağı bacarsa da, ağaları Stalinin ölümündən və Bağırovun süqutundan sonra siyasi mənzərə dəyişdi.
1956-cı ildə Teymur Quliyev Kommunist Partiyasından çıxarıldı.
Səbəb kimi “sosialist qanunçuluğunun kobud şəkildə pozulması və Bağırov, onun bandasının cinayətlərinə fəal yardım göstərilməsi” göstərildi.
1957-ci ildə bu qərar SSRİ KP yanında Partiya Nəzarəti Komitəsi tərəfindən də təsdiqləndi.
Bu, tarixi baxımdan çox vacib sənəddir.
Çünki sonrakı sovet hakimiyyətinin öz rəsmi qiymətləndirməsi Quliyevin fəaliyyətini sadəcə “siyasi səhv” kimi yox, “sosialist qanunçuluğunun kobud pozuntuları” və Bağırovun cinayətlərinə yardım kimi xarakterizə etmişdi.
Onu başqa sözlə, bəxti gətirən bolşevik də adlandırmaq olar. Çünki digər cinayətkar bolşevik həmkarları kimi sürgünə və güllənməyə məruz qalmadı, öz əcəli ilə vəfat etdi.
Orxan Saffari












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]