Naxçıvan şəhərinin 11-ci məhəlləsinin sakinləri “Riva Pub”ın gecə saatlarında yaratdığı səs-küydən şikayət edirlər.
Bu gün, 00:08

Onların sözlərinə görə, yaşayış evlərinin yaxınlığında fəaliyyət göstərən obyekt bəzi günlər gecə saat 3-4-dək işləyir.
Sakinlər həmçinin iddia edirlər ki, obyekt sahibinin yerli hüquq-mühafizə orqanları ilə yaxın əlaqələri olduğundan edilən şikayətlər nəticəsiz qalır.
Şikayətçilərdən biri deyir ki, pubın fəaliyyəti ailəsinin gecə istirahətinə ciddi mane olur:
“Evimiz çox yaxındadır, körpə uşaqlar səsə oyanırlar. Uca səslə danışırlar, söyüş söyürlər, maşınların siqnalları səslənir. Demək olar ki, hər gecə eyni vəziyyətdir. Gecə saat 12-də bağlanmalı olduğu halda, saat 3-4-ə qədər işləyirlər. Gecələr rahat yata bilmirik. Artıq boğaza yığılmışıq. Eşitdiyimizə görə, yerli DİN-dəki yüksək vəzifəli şəxslər onları himayə edir. Ona görə də vətəndaşların şikayətlərinə məhəl qoymadan istədiklərini edirlər”.
Sakinlər gecə saatlarında spirtli içki qəbul edən şəxslərin yaşayış evlərinin qarşısında toplaşmasının təhlükəsizlik baxımından da onları narahat etdiyini deyirlər.
“Evimdə uşaqlar böyüyür. Mən onları hər gecə içki içən, söyüş söyən insanların səsini eşidərək böyütmək istəmirəm. İçki içib özünü idarə edə bilməyən birinin sabah həyətimizə girməyəcəyinə kim zəmanət verə bilər? Biz öz evimizdə niyə belə narahatlıq içində yaşamalıyıq?”
Sakin bildirir ki, narahatlıq yalnız səs-küylə məhdudlaşmır. Onun sözlərinə görə, obyektə gələn bəzi müştərilər onların həyətlərini də çirkləndirirlər:
“Səhər durub həyətimizdən siqaret kötüyü, salfet, çek yığırıq. Biz niyə hər gün başqasının tullantısını öz həyətimizdən təmizləməliyik? Obyektin qarşısındakı işıqlar da gecə evimizə düşür. Nə rahat yata bilirik, nə də öz evimizdə rahat yaşaya bilirik”.
Şikayətçilərin sözlərinə görə, məsələ ilə bağlı obyekt rəhbərliyinə dəfələrlə müraciət edilib. Lakin problem həll olunmayıb:
“Dəfələrlə demişik ki, heç olmasa gecə saatlarında insanların rahatlığını nəzərə alın. Bizə ‘hara şikayət edirsiniz, edin’ deyirlər. 102 xidmətinə də müraciət etmişik. Naxçıvan Daxili İşlər Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, son olaraq da Naxçıvan Şəhər İcra Hakimiyyətinə şikayət etmişik. Buna baxmayaraq, vəziyyət dəyişmir”.
Şikayətçilər aidiyyəti qurumlardan obyektin gecə iş rejiminə və yaratdığı səs-küyə nəzarət edilməsini, problemin aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.
Gündəlik Naxçıvan
TEREF olaraq qarşı tərəfində mövqeyini bloqumuzda dərc etməuə hazırıq!

