Hindistanda tibbi təyyarə qəzaya uğradı – göyərtədə 7 nəfər varmış
24-02-2026, 10:08
Hindistanın Carkhand ştatında göyərtəsində yeddi nəfərin olduğu tibbi təyyarə qəzaya uğrayıb.
32guaz xəbər verir ki, Bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, “Redbird Airways” aviaşirkətinə məxsus Beechcraft C90 tipli təyyarə sanitar reyslə Rançi şəhərindən Yeni Dehliyə uçurmuş. Lakin havaya qalxdıqdan təxminən 23 dəqiqə sonra ekipajla əlaqə kəsilib və hava gəmisi radar ekranlarından itib.
Daha sonra təyyarənin çətin keçilən meşəlik əraziyə düşdüyü müəyyən edilib. Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunsa da, mürəkkəb relyef əməliyyatın aparılmasını çətinləşdirir.
Səlahiyyətli qurumlar qəzanın başvermə səbəblərinin araşdırılmasına başlayıb.
Aviasiya tənzimləyicisinin açıqlamasına əsasən, təyyarə bədbəxt hadisə nəticəsində bədən səthinin 60 faizindən çox hissəsində yanıq xəsarətləri alan 41 yaşlı kişini Yeni Dehliyə aparırmış.