Dünyada ən çox mərkəzi bank ehtiyatına malik ilk 10 ölkə
22-11-2025, 10:44

Mərkəzi bank ehtiyatları qlobal iqtisadi sabitlik üçün mühüm vasitə hesab olunur. Onlar ölkələrə ödəniş balansı öhdəliklərini yerinə yetirməkdə və iqtisadi və ya geosiyasi şoklara qarşı dayanıqlı qalmaqda yardım edir. Hazırda dünyanın ilk on ölkəsi birlikdə 9,4 trilyon ABŞ dolları dəyərində valyuta və qızıl ehtiyatına malikdir.
Valyuta.az xəbər verir ki, bu, dünyadakı ümumi ehtiyatların 60 faizindən çoxunu təşkil edir.
Mərkəzi bank ehtiyatları – xarici valyutalar, qızıl və digər likvid aktivlərdən ibarət olmaqla – bir ölkənin maliyyə qalxanı kimi çıxış edir. Bu resurslar valyutaların sabitliyini qorumaqda və maliyyə böhranlarının qarşısını almaqda mühüm rol oynayır.
"The World Factbook" 2024-cü ildə ölkələrin malik olduqları xarici valyuta və qızıl ehtiyatlarının dəyərləri müqayisə edib.
"The World Factbook" məlumatına əsasən, "Çin"in mərkəzi bank ehtiyatları 3,5 trilyon ABŞ dollarına çatır və bu göstərici ilə digər ölkələrə nəzərən xeyli irəlidədir.
"The Economics Review" nəşrinin yazdığına görə, bu üstünlük "Çin"in davamlı ticarət profisitləri ilə əlaqəlidir. Profisitlər nəticəsində ölkəyə daxil olan xarici valyuta çıxan valyutadan çox olur. Bu isə yuanın (RMB) dəyərinin sürətlə artmasına səbəb ola bilər.
Bunun qarşısını almaq üçün "Çin Xalq Bankı" (PBC) bazara müdaxilə edərək digər valyutaları alır və beləliklə də dövriyyəyə pul buraxır. Lakin bu proses inflyasiya riski yaradır. Bunun qarşısını almaq üçün PBC sterilizasiya strategiyasından istifadə edir. Yəni əvvəlki müdaxilənin təsirlərini kompensasiya etmək məqsədilə əks pul siyasəti tədbirləri həyata keçirilir – məsələn, açıq bazar əməliyyatları və ya ehtiyat normalarının artırılması. Nəticədə bankın balansında xalis daxili aktivlər və öhdəliklər azalır, pul təklifi isə məhdudlaşdırılır.
2008-ci il Qlobal Maliyyə Böhranı dövründə "İsveçrə frankı" təhlükəsiz sığınacaq valyutası kimi qəbul olunmağa başlandı və bu da onun məzənnəsinin sürətlə artmasına səbəb oldu. Lakin frankın bahalaşması idxal mallarını ucuzlaşdıraraq ümumi qiymət səviyyəsini aşağı salır və deflyasiya riski yaradırdı.
Bu vəziyyətin qarşısını almaq məqsədilə "İsveçrə Milli Bankı" (SNB) böyük həcmdə xarici valyuta alışı həyata keçirdi. Bu tədbirlər frankın bahalaşma sürətini yavaşıtdı və ölkənin ehtiyatlarının artmasına səbəb oldu.
Son illərdə SNB bu ehtiyatlardan inflyasiya ilə mübarizədə istifadə edir. Xarici valyutanın satılması milli valyutaya olan tələbi artırır, bu da frankın məzənnəsini yüksəldir. Nəticədə idxal məhsulları ucuzlaşır, qiymət artımı zəifləyir və inflyasiya hədəf səviyyəyə yaxınlaşdırılır.
Dünyada ən çox mərkəzi bank ehtiyatına malik ilk 10 ölkə:
Çin – 3 trilyon 456 milyard ABŞ dolları
Yaponiya – 1 trilyon 231 milyard ABŞ dolları
ABŞ – 910 milyard 37 milyon ABŞ dolları
İsveçrə – 909 milyard 366 milyon ABŞ dolları
Hindistan – 643 milyard 43 milyon ABŞ dolları
Rusiya – 597 milyard 217 milyon ABŞ dolları
Səudiyyə Ərəbistanı – 463 milyard 870 milyon ABŞ dolları
Honq Konq – 425 milyard 554 milyon ABŞ dolları
Cənubi Koreya – 418 milyard 219 milyon ABŞ dolları
Sinqapur – 383 milyard 946 milyon ABŞ dolları

