Şəhərdə maşın sürmək lüksə çevrilir — AÇIQLAMA
6-06-2026, 10:34

Bakıda və digər böyük şəhərlərdə maşın saxlamaq artıq əvvəlki illərə baxanda xeyli baha başa gəlir. Bu qiymət artımı sürücülərin gündəlik xərclərini çoxaltmaqla yanaşı, ümumi şəhər həyatının da dəyişdiyini göstərir. Parkinq xidmətinin bahalaşması həm sürücülərin büdcəsinə təsir edir, həm də şəhərdəki sıxlığı azaltmağa yönələn addım kimi diqqət çəkir.
İqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, son illərdə parkinq qiymətlərində ciddi artım var:
"Son üç ili müqayisə etsək, görərik ki, bəzi mərkəzi ərazilərdə bu artım iki dəfəyə, mərkəzə yaxın yerlərdə isə təxminən 50–60 faiz aralığında baş verib. Bu artım avtomobil sıxlığı, inflyasiya, həm də xidmət və saxlama xərclərinin yüksəlməsi ilə bağlıdır. Parkinq sahələrinin saxlanması və idarə olunması xərcləri artdıqca, bu, tarif dəyişiklikləri ilə kompensasiya olunur.
Bu tarif dəyişikliklərinin əsas məqsədi, birincisi, xidmət sahəsində çalışan əməkdaşların maaşlarının təmin edilməsi, ikincisi isə bu sahənin gəlir gətirən bir biznes kimi fəaliyyət göstərməsidir. Üçüncüsü isə bu, institusional tənzimləmə tədbiridir və şəhər mərkəzində avtomobil sıxlığının azaldılmasına xidmət edir. Parkinq qiymətlərinin yüksək olması insanların mərkəzdə avtomobil saxlamasını azaldır və bir çoxları yalnız ictimai nəqliyyatdan istifadə edərək iş yerlərinə gedirlər. Bu da şəhərdə tıxacların azaldılması istiqamətində görülən tədbirlərdən biridir".
Ekspert deyib ki, parkinq artıq şəhər həyatında daha bahalı formaya keçir:
"Avtomobili və evi olan insanlar kommunal xərclərlə yanaşı, parkinq və avtomobil xərclərini də ödəməli olurlar. Bu da bir çox Avropa ölkələrində və qonşu Türkiyədə olduğu kimi Azərbaycanda, xüsusilə Bakı şəhərində də özünü göstərir.
Eyni zamanda bu proses sürətli urbanizasiya və şəhərə əhali axınının tənzimlənməsi baxımından vacib bir element kimi qiymətləndirilə bilər",- deyə ekspert qeyd edib.
Beləliklə, qiymətlərin artması sürücüləri şəhər mərkəzinə fərdi maşınla getmək əvəzinə avtobus və metroya üstünlük verməyə yönəldir. Bu üsul inkişaf etmiş xarici ölkələrdə də tıxacların qarşısını almaq və küçələrdəki avtomobil sayını tənzimləmək üçün əsas vasitələrdən biri hesab olunur.

