Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
Bu gün, 17:46

İyunun 1-də regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi öz işinə başlayıb. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"u.
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana yönəldir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusa malik olduğunu təsdiqləyir.
Azərbaycan 31 ildən çoxdur ki, Beynəlxalq Neft və Qaz Sərgisinə ev sahibliyi edir. Əsas məqam hər il iştirakçı dövlətlərin say tərkibində artım, eyni zamanda, Azərbaycanın ötən bir ildə enerji sektorunda qazandığı uğurları ilə diqqətdə olmasıdır. Bakı Enerji Həftəsi həm tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin, həm də Azərbaycanın enerji resurslarının təqdimatında öz sözünü deyən ilk Beynəlxalq Neft və qaz Sərgisinin 31 ilinin tamam olmasına təsadüf edir. Ötən 31 il Azərbaycanın enerji sektorunda hansı uğurlarla yadda qaldığını bugünümüzün reallıqları təsdiqləyir. Çünki artıq Azərbaycan yaşıl enerjiyə keçiddən bəhs edir, özünün bərpaolunan enerji resurslarını dünyaya təqdim edir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, - deyə dövlətimizin başçısı əlavə edib.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, - deyə Prezident əlavə edib.
Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirb ki, bu gün dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilib.
Ölkəmiz də "yaşıl enerji" istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.
Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji zonası" modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da "yaşıl enerji zonası" elan edilməsinə zəmin yaratmışdır. “Əminəm ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir” – deyə dövlətimizin başçısı bildirib.
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır. Bakı Enerji Həftəsində 44 ölkədən 274 şirkətin iştirak edir.
Bakı Enerji Həftəsi keçilən yola nəzər salaraq Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini nümayiş etdirib. Yaşıl dünya naminə həmrəylik ilində birliyimiz, həmrəyliyimiz daha da möhkəmləndiriləcək, qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşdiriləcək.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

