Məşhur tozsoran istehsalçısı "Dreame" avtomobil biznesini bağladı
Bu gün, 15:24

Tozsoran istehsalı ilə tanınan Çin şirkəti "Dreame Technology" avtomobil istiqamətini işə saldıqdan cəmi bir il sonra bağlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Carnewschina" məlumat yayıb. Layihə ləğv edilir, şirkətin əməkdaşlarının sayı isə təxminən 1000 nəfər azaldılıb.
Bir il ərzində "Dreame" CES sərgisində hiperkar təqdim edib və 0-dan 100 km/saat sürətə 0,9 saniyəyə çatan, bərk elektrolitli akkumulyatorla təchiz edilmiş "raket avtomobili" nümayiş etdirib. Lakin mənbələrin məlumatına görə, prototiplərin real olmadığı üzə çıxıb. CES-də nümayiş etdirilən modelin şassisi olmayıb və avtomobil uzaqdan idarə edilib. "Raket" avtomobili isə çəkilişlər üçün başqa şirkətdən alınıb və sonradan modifikasiya edilib.
Hiperkarın "Bugatti Veyron"la rəqabət aparması nəzərdə tutulurdu. Veyron uzun müddətdir dünyanın ən sürətli avtomobili olmasa da, 1000 at gücündən çox mühərrikə və 400 km/saatdan yüksək maksimal sürətə malik ilk seriyalı superkar kimi avtomobil sənayesinin simvollarından birinə çevrilib.
Bundan əlavə, "Dreame" şirkətinin "Rolls-Royce Cullinan"a bənzəyən krossover təqdim etməsi də planlaşdırılırdı.
İndi şirkət əsas fəaliyyət sahələrinə – tozsoranlara, robot otbiçənlərə, elektrik skuterlərə və "Magic Atom" robotlarına diqqət yetirəcək.

