Mənzil üçün 25-30 illik kredit tələsi… – Ailələri qarşıda hansı təhlükə gözləyir?
Bu gün, 16:06

Azərbaycanda istehlak və mənzil kreditlərinə tələbat yüksək olaraq qalır, lakin faizlər və aylıq ödənişlər bir çox vətəndaş üçün ciddi maliyyə yükü yaradır. Xüsusilə gəliri məhdud olan ailələr kredit ödənişlərini qarşılamaqda çətinlik çəkirlər. Bank kreditlərinin faizləri yaxın dövrdə ucuzlaşa bilərmi? Kredit götürən vətəndaşların yükünü azaltmaq üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, hazırda ipoteka kreditləri üzrə ödənişlər və mənzil bazarındakı qiymətlər əksər vətəndaşların gəlir imkanları ilə uyğunlaşmır.
Onun sözlərinə görə, əsas problem gəlirlərin əhəmiyyətli dərəcədə artmaması fonunda mənzillərin qiymətinin son illər kəskin yüksəlməsidir.
Xüsusilə uzunmüddətli kredit öhdəliklərinin ailə büdcəsinə ciddi yük yaratdığını deyən ekspert hesab edir ki, 25-30 il müddətinə kredit götürən şəxslər yalnız bugünkü gəlirlərini deyil, gələcəkdə yarana biləcək riskləri də nəzərə almalıdırlar: “Vətəndaşların real gəlirləri ilə mənzil qiymətləri arasında yaranan uçurum mənzil sahibi olmağı bir çox ailə üçün getdikcə çətinləşdirir. Belə bir sual yaranır: əgər mənzil qiymətləri yüksəkdirsə və alıcılıq qabiliyyəti məhduddursa, bəs nə üçün güzəştli mənzillərin satışı elan olunan kimi qısa müddətdə başa çatır və hündürmərtəbəli yaşayış binalarının sayı ildən-ilə artır? Mənzil bazarında bütün alıcılar eyni gəlir səviyyəsinə malik deyil. Bəzi şəxslərin orta aylıq əməkhaqqından daha yüksək gəliri, yaxud əvvəlcədən topladığı müəyyən vəsait olur. Bu kateqoriyaya daxil olan şəxslər yığımlarını daşınmaz əmlaka yönəldərək həm yeni tikililərdə, həm də təkrar mənzil bazarında tələbi artırırlar. Nəticədə isə mənzillərə olan tələbin müəyyən hissəsi qiymətlərin yüksəlməsinə təsir göstərir”.
G.Hüseynovanın fikrincə, daşınmaz əmlak bazarında qiymət artımının qarşısının alınması üçün daha sistemli tənzimləmə mexanizmlərinə ehtiyac var: “Bu istiqamətdə ərazi bələdiyyələrinin də müəyyən rolunun olması, mənzil və torpaq bazarında qiymətlərin formalaşmasına təsir edən amillərin daha ciddi şəkildə nəzərə alınması məqsədəuyğun olardı. Bir sıra ölkələrdə tətbiq olunan əmlak vergisi mexanizmlərinin Azərbaycanda da müzakirə edilə bilər. Şəxsin birdən çox daşınmaz əmlaka sahib olması halında daha yüksək vergi dərəcəsinin tətbiqi mənzillərin investisiya məqsədilə kütləvi şəkildə alınmasının qarşısını müəyyən qədər ala bilər”.
Bununla yanaşı, ekspert gənc ailələrin mənzil sahibi olmasını asanlaşdırmaq üçün əlavə güzəştlərin tətbiqini də təklif edir: “Yeni mənzil alan 35 yaşadək gənc ailə üzvlərinin müəyyən müddət ərzində, məsələn, beş il əmlak vergisindən azad edilməsi onların maliyyə yükünü azaltmağa və mənzil sahibi olmalarını asanlaşdırmağa kömək edə bilər. Mənzil bazarında qiymətlərin yüksəlməsində yalnız satıcıların və tikinti şirkətlərinin deyil, alıcıların davranışlarının da müəyyən rolu var. Əlavə gəliri olmayan şəxsin yalnız bir əməkhaqqına güvənərək 25-30 illik kredit öhdəliyinə daxil olması ciddi maliyyə riski yaradır”.
G.Hüseynova xüsusilə uzunmüddətli kreditlər zamanı gözlənilməz halların nəzərə alınmasının vacibliyini vurğulayıb: “Borcalanın əmək qabiliyyətini itirməsi, gəlirlərinin azalması və ya vəfat etməsi kimi hallar ailənin maliyyə vəziyyətinə ciddi təsir göstərə bilər. Vərəsə mirası qəbul etdiyi halda həmin mirasla bağlı öhdəlikləri də qəbul etmiş olur və bu baxımdan uzunmüddətli borc sonrakı nəsil üçün də maliyyə yükünə çevrilə bilər”.
İqtisadçı konkret rəqəmlərlə də vəziyyətə diqqət çəkib. Onun sözlərinə görə, bəzi MTK-larda mənzil üçün ilkin ödəniş 17-25 min manat arasında dəyişir. Kredit və digər ödənişlər nəzərə alındıqda isə mənzilin ümumi qiyməti 170-210 min manata qədər yüksələ bilir.
Ekspert hesab edir ki, bu məbləğlər orta gəlirli və yalnız bir əməkhaqqına güvənən ailələr üçün kifayət qədər ağır maliyyə yüküdür: “Belə mənzillərin alınmasının daha çox iki və ya daha artıq gəlir mənbəyinə malik olan, yaxud əməkhaqqı yüksək olan şəxslər üçün nisbətən uyğundur. Vətəndaşlar kredit qərarı verərkən yalnız mənzil sahibi olmaq istəyini deyil, uzunmüddətli maliyyə imkanlarını və gələcək riskləri də nəzərə almalıdırlar”./azpolitika.info

