“Binance” “Bitcoin”in qiymət artımı ilə bağlı açıqlama verib
Bu gün, 15:44

Bitkoinin qiyməti bu gün 79 360 ABŞ dolları təşkil edir. Dünən isə kriptovalyutanın qiyməti 77 841,69 ABŞ dolları olub.
Valyuta.az xəbər verir ki, bununla bağlı “Binance” açıqlama verib.
Açıqlamada qeyd olunur ki, Bitkoinin hazırkı yüksəlişi getdikcə daha fundamental xarakter alır və həm institusional, həm də fərdi investorların rəqəmsal aktivlərə marağının gücləndiyini göstərir.
Əlverişli makroiqtisadi fonla yanaşı, bazarı spot “Bitcoin” ETF-lərinə kapital axınının bərpası da dəstəkləyir. Belə ki, təkcə 17-20 avqust tarixlərində bu fondlara təxminən 1,6 milyard ABŞ dolları həcmində vəsait daxil olub. Bundan əlavə, “Ethereum” ETF-lərinə marağın artması və tənzimlənən infrastrukturun daha da inkişaf etməsi müsbət dinamikanı gücləndirir.
Eyni zamanda, kriptovalyuta bazarının strukturu da dəyişir. “Bitcoin” real kapital axınlarına və institusional investorların mövqelənməsinə getdikcə daha həssas reaksiya verir. “Binance Research”in məlumatına görə, ETF-lər, korporativ investorlar və uzunmüddətli sərmayəçilər tərəfindən formalaşan tələb bazarın dəstəklənməsində mühüm rol oynamaqda davam edir.
Müsbət məqamlardan biri də bərpanın yalnız “Bitcoin”lə məhdudlaşmamasıdır. “Ethereum” da institusional kapital cəlb edir, kriptovalyuta bazarının ümumi kapitallaşması isə yenidən 2 trilyon ABŞ dollarını ötüb. Bu, investorların bütövlükdə rəqəmsal aktivlərə marağının bərpa olunduğunu göstərir.
Uzunmüddətli yüksək volatillik dövründən sonra ayı bazarının sona yaxınlaşdığına və kriptovalyuta bazarının yeni yüksəliş mərhələsinə qədəm qoyduğuna ümid etməyə əsas var. İnstitusional kapital axınları, tənzimlənən məhsulların inkişafı və real tələb güclənməkdə davam edərsə, hazırkı impuls daha dayanıqlı bərpa və rəqəmsal aktivlər bazarının gələcək genişlənməsi üçün əsas yarada bilər.

