Mərd olun. Və namərd körpüsündən də keçməyin...
30-10-2025, 09:22

Dostoyevski deyir ki, bu dünyada həqiqəti deməkdən çətin, yaltaqlıqdan isə asan heç nə yoxdur.
Dünyanın sayılıb-seçilən jurnalistlərindən olan Mariana van Zeller isə heyrətlə bildirib ki, yaltaqlığın aça bilmədiyi qapı görmədim. Yəni yaltaqlıq təkcə Şərqin bəlası deyil, Qərbdə də yaltaqlar çox-çox uzağa gedirlər.
XVII əsrin fransız filosofu Jean de La Bruyère isə bu məsələ ilə bağlı həqiqəti çılpaq şəkildə ortaya qoyub. Əminəm ki, onun dedikləri sizə çox tanış gələcək. Filosof buyurur: “Hakimiyyətdə olan məmurların bəd əməlləri ilə bağlı susmalıyıq. Hakimiyyətdə olarkən onlar haqqında yaxşı danışmaq yaltaqlıq deməkdir. Həm də sağ ikən onlar haqqında pis danışmaq təhlükəlidir, öldükləri zaman isə bizim danışdığımız qorxaqlıq kimi alqılanır”.
Adam 300-400 il önə yaşayıb. Ancaq bugünkü Azərbaycan reallığının rəsmini yağlı boyalarla o qədər dəqiq təsvir edib ki.
Bizdə də qızıl xırdalayanlar var. Məsələn, Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev deyib: “O, bizim qapımızın ağzında günlərlə əsgər kimi dayanan, ayaqqabımızı cütləyən adam olub". Hazırda “o”nun yerinə o qədər adamın adını yazmaq olar.
YAP-ın kəramətindən Yaltaqlıq təntənəli şəkildə dövlət idarəçiliyinin əsas elementinə çevrilib. Çoxları üçün yaltaqlıq bağlı qapıların universal açarıdır. Vəzifə pillələrini sıçramaq üçün yaltaqlığı tramplin kimi istifadə etmək də bir qabiliyyətdir. Yaltaqlıq təhlükəsizliyə təminatdır, düzdür, heç də həmişə yox. Ancaq Azərbaycanda yaltaqlara zaval yoxdur, pərəstiş obyektini zamanında dəyişən çevik yaltaqlar təhlükəsizlik kəmərini həmişəlik bağlı saxlayır.
Haqqı çatan birisi barəsində xoş söz deməkdə elə bir qəbahət görmürəm. Yəni yaxşı işləri qədərində təqdir etməkdə fayda var. Ancaq orasını da unutmayaq ki, əndazə aşılanda “ayaqqabı cütləyənlər” sinfinə daxil oluruq.
Tarixən belə olub, Azərbaycanda həqiqəti deyəni dara çəkiblər, yaltaqlara isə qoğal veriblər. Bilənlər bilir, həyata dad qatan qoğalın da bir başqa ləzzəti var...
Bu yazını Vilyam Şekspirin bir fikri ilə tamamlamaq istərdim. Dramaturq deyir ki, yaltağa meydan verən kəs yaltaqdan daha pisdir. Niyə belə deyir? Sirr deyil ki, bu eybəcərlikdə vəzifə sahibi tabeliyində olanlarla müti qul kimi davranır. Özündən yuxarı vəzifəlinin qarşısında isə ayaq altındakı palaza dönür...
Mustafası o ki, yaltaqlıq namərd işidir. Mərd olun. Və namərd körpüsündən də keçməyin...
Elbeyi Hesenli

