“Cəhənnəm — insan qəlbində sevginin bitdiyi yerdir”.

20-11-2025, 16:54           
“Cəhənnəm — insan qəlbində sevginin bitdiyi yerdir”.
13 yaşlı iranlı Soraya kiçik cinayətlərə görə dəfələrlə həbs edilmiş 20 yaşlı Qorban Əli ilə evləndirilir. 23 il davam edən bu evlilikdən onların yeddi uşağı olur. Ərinin döyülmələri nəticəsində iki körpəsi ölü doğulur.
İranda 1979-cu ildə İslam İnqilabı baş verir və hər şey dəyişir.
Qonşu qəsəbədə mühafizəçi işləyən Qorban Əli orada 14 yaşlı bir qıza göz qoyur. Sorayanı boşamaq və ona aliment verməmək üçün onu xəyanətdə ittiham edir və yalançı şahidlər tapır.
Uşaqlıq dostu Firuzə vəfat etdikdən sonra Soraya onun tək qalan əri Həşimə və uşaqlarına ev işlərində kömək etməyə başlayır. Qorban Əli bu vəziyyətdən alçaq planı üçün istifadə edir və arvadının onu Həşimlə aldatdığını iddia edir. Bu söz qısa zamanda balaca qəsəbədə yayılır.
Sonra Qorban Əli Həşimi hədələyərək yalan danışmağa məcbur edir; çünki hökmün icrası üçün 4 kişi şahid lazımdır. Onları da tapmaq elə də çətin olmur. Sorayanın atası Morteza Ramazani isə cəmiyyətin təzyiqinə tab gətirə bilməyərək daşqalaq (recm) cəzasına razılıq verir.
35 yaşlı Soraya 15 avqust 1986-cı ildə şəriət qanunlarına əsasən daşqalaq edilərək qətlə yetirilir.
Sorayadan son sözləri soruşulduqda belə o, belə cavab verir:
"Bunu necə edə bildiniz? Siz mənim dostlarım, qonşularım idiniz. Biz eyni süfrədə oturduq, eyni yeməyi yedik. Sən mənim atam idin, sizlər mənim oğullarım idiniz, sən mənim ərim idin! Bunu mənə necə edə bildiniz? Bunu hansısa bir insana necə edə bilirsiniz?”.
Ağlamayacağına söz verən Sorayaya ilk daşı atası atır... Sonra növbə ilə oğulları, əri və ağızlarından tüpürcək axan camaat onu daşlayır və öldürür.
İnsanlıqdan uzaq bir cəzanın qarşısını almaq üçün əlindən gələni edən xalası Zəhra Sorayaya bu hadisəni bütün dünyaya duyuracağına söz verir. Qətliamdan sonra o, bu dəhşətli hadisəni iran əsilli fransalı yazıçı Freydun Səhibcəmə danışır. Yazıçı bu hekayəni kitab halına salır və 2008-ci ildə “Sorayanı Daşlamaq” adlı filmə çevrilir.
“Cəhənnəm — insan qəlbində sevginin bitdiyi yerdir”.
Fadil Paşayev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru